Misli Premyer Liqasının XXVII turu çərçivəsində ilk görüşdə "Karvan-Yevlax" "Kəpəz"i qonaq edib. Sport24.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov mətbuata açıqlama verib.

 

Mütəxəssis nəticəni belə şərh edib:

 

– Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək bizim üçün çətin oldu. Futbolçularda psixoloji gərginlik var idi, lakin həm rəhbərlik, həm də məşqçilər korpusu tam dəstək göstərdilər. Bilirdik ki, ağır oyun olacaq. "Kəpəz"in heyəti kifayət qədər güclüdür, amma çox ciddi hazırlaşmışdıq. Oyunçularımız əzmkarlıq göstərdilər, hesab daha da böyük ola bilərdi. 4:1 hesabına baxmayaraq, çətinlik çəkdik. 2:1 olanda rəqib oyunu dəyişə bilərdi, amma futbolçularım oyundan düşmədilər, əksinə, növbəti qolları da vurmağı bacardılar. Azarkeşlərimiz bundan çoxuna layiqdilər, lakin biz onları lazımi qədər sevindirə bilmirik. Buna görə məyus oluram. Qarşıda hələ 6 tur var, hər birində əzmkarlıqlıq göstərməyə çalışacağıq. Bizi daha yaxşı qələbələr gözləyir.

 

– Həmişə deyirdiniz ki, bir qələbə olsun, hər şey düzələcək… 

– Əlbəttə ki, digər klublarda çalışdığım vaxtlarda da görmüşəm ki, qalibiyyət futbolçulara motivasiya verir. Bu oyundakı nəticə də bizə gələcək üçün ümid verir.

 

– Erkən qolların, ilk hissəni üstün başa vurmağın psixoloji üstünlüyü varmı? 

– Əlbəttə, hər qol rəqibi həvəsdən salır. İlk hissədə Raufun iki qol vurması komandaya böyük ümid verdi. Fərq minimuma enəndə futbolçularda ehtiyatlılıq, hesabı qorumaq hissi yarandı. Deyərdim ki, üçüncü qol oyunun taleyini həll etmiş oldu.

 

– Rauf bu gün parlaq oyun göstərdi, siz onda bu bacarığı kəşf etmişdiniz? 

– O, əsas heyətə layiq futbolçulardan biridir, çox əzmkar və istəklidir. Son iki turu əsas heyətdə oynaya bilməmişdi, səbəb yalnız heyətdəki rəqabət idi. "Araz Naxçıvan"la oyunda gözləntilərdən aşağı çıxış etdiyi üçün ədalətli davranıb digər oyunçulara şans verməli olmuşduq. Rauf bu oyunla bir daha özünün hansı səviyyədə olduğunu sübut etdi.

 

– Bu qarşılaşma göstərdi ki, komanda top saxlaya, oyun göstərə, qol vura bilir. Bəs bu ana qədərki periodda nələr baş verirdi?

– Burda çox nüanslar var. Bəzən futbolçular xırda səhv edirlər, nəticədə qol buraxırıq. Dərhal psixoloji düşkünlük yaranır. Komandanın potensialına bələdəm, bəzi başqa oyunlarda da çox yaxşı oynamışıq, olub ki, qolumuzu da saymayıblar. Bəzi görüşlərdə qapımıza gözləmədiyimiz zamanda qollar vurulub. "Kəpəz" və bəzi komandalar var ki, biz onlarla nəinki başabaş, hətta üstün də oynaya bilirik. Bu gün də bunu göstərdik.


– Mövsümün bitməsinə 6 tur qalmış "Qəbələ" ilə "Karvan-Yevlax" arasında 8 xal fərq var. Bu fərqin aradan qalxacağına inanırsız?

– Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq.