Bu gün keçiriləcək bir oyunla Misli Premyer liqasında 27-ci tura start veriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Yevlaxda baş tutacaq.
"Karvan-Yevlax" doğma meydanda "Kəpəz"i qəbul edir. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan hər iki komanda üçün bu qarşılaşma sadəcə növbəti oyun deyil – bu, mövsümün taleyini müəyyən edə biləcək prinsipial matçdır.
Komandalar arasında son görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə "Kəpəz"ə müəyyən psixoloji üstünlük qazandırsa da, Yevlaxda keçiriləcək oyun tam fərqli ssenari ilə yadda qala bilər.
Hazırda "sarı-göylər" 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Meydan sahibləri isə 8 xalla sonuncu – 12-ci pillədə yer alır. Bu fərqə baxmayaraq, meydan amili və azarkeş dəstəyi ev sahibi üçün əlavə motivasiya mənbəyi ola bilər.
"Qəbələ"nin cəmi 2 xal geridə olması Azər Bağırovun komandasının üzərində ciddi təzyiq yaradır. Bu səbəbdən Gəncə klubu üçün bu səfər oyunu həyati əhəmiyyət daşıyır və xal itkisi onların mövqeyini daha da risk altına sala bilər.
Qeyd edək ki, turun digər görüşləri sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
15:30. "Karvan-Yevlax" - "Kəpəz"
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Yevlax. Şəhər stadionu.