"Neftçi-2"nin baş məşqçisi Rəşad Abdullayev Türkiyənin "Göztəpə" klubunun düşərgəsində təcrübə keçir. Sport24.az xəbər verir ki, 44 yaşlı mütəxəssis "PRO" kateqoriyalı məşqçi kursları çərçivəsində qardaş ölkəyə səfər edib.

Onunla səfər təəssüratları ilə bağlı söhbətləşdik:

"Ötən gündən "Göztəpə"nin məşqlərində iştirak edirəm. İlkin təəssüratlarım müsbətdir. Komanda "Gənclərbirliyi" üzərində qələbədən sonra məşqləri bərpa edib. Baş məşqçi Stanimir Stoilovla görüşdüm, məni çox isti qarşıladılar. Ümumi olaraq Azərbaycan və Türkiyə futbolunu müqayisə etdik. "PRO" kateqoriyanı almaq üçün bir həftə təcrübə keçməliyəm".

Abdullayev İzmir təmsilçisinin qarşıda iki vacib oyunu olduğunu əlavə edib:

"Mən də bu matçlarda tribunada olacam. Bu görüşlərdən sonra baş məşqçiyə əsasən komandanın hazırlığı barəsində suallarım olacaq. Stanimir Stoilov "Neftçi"nin nə qədər köklü klub olmasını bir xeyli vurğuladı. Bildiyimiz kimi, Göztəpə" də Türkiyəni Avropada təmsil edən ilk komanda olub. Bu barədə söhbətlərimiz oldu".

Qeyd edək ki, Abdullayevin çalışdırdığı "Neftçi-2" Əvəzedicilər Liqasında 22 tur ərzində topladığı 47 xalla turnir cədvəlinə başçılıq edir.