"Rəqib çempionluğa oynadığı üçün onlarla qarşılaşmalarımız çox ağır keçir. Bu mövsüm məğlub olmamaqları buna sübutdur". Bu sözləri Sport24.az-a Birinci Liqa təmsilçisi "Şahdağ Qusar"ın prezidenti və kapitanı Rahid Əmirquliyev "Şəfa"ilə görüşü şərh edərkən deyib.

O, meydana qələbə üçün çıxdıqlarını bildirsə də, istəklərinə nail ola bilmədiyini vurğulayıb:

 

"İstəyirdik cari mövsümdə "Şəfa"nı məğlub edən ilk komanda olaq. Təəssüf ki, bunu bacarmadıq. Rəqibin qırmızı vərəqə alması bizim üçün böyük üstünlük idi. Birinci hissənin sonlarında öz səhvimizdən qol buraxdıq. Bu, komandaya pis təsir göstərdi. Hesabı bərabərləşdirmək üçün 45 dəqiqəmiz var idi. 10 nəfərlə olan komanda daha çox müdafiə olunur. Belə olduğu halda müdafiəni yarmaq çətin olur. Fürsətlərimiz oldu, yararlana bilmədik".

 

Əmirqulilyev mövsümün əvvəlinin onlar üçün uğurlu olmadığını söyləyib:

"Fikirləşirdik ki, cavan futbolçulardan ibarət heyət yığaq, Birinci Liqada yerimizi möhkəmləndirək. Yanvardan sonra komandanın çıxışı yaxşıya doğru dəyişib. Fikrimcə, turnir cədvəlində 5-ci yer uğurlu nəticədir. Ancaq bununla kifayətlənmək istəmirik. Hər oyuna qələbə üçün çıxırıq".

 

Qeyd edəki ki, "Şəfa" "Şahdağ Qusar" qarşılaşması meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.