"Çox vacib səfərə çıxırıq. Köhnə tanış komandaya qarşı oynayacağıq. Çox yaxşı stadionda, yaxşıı azarkeş dəstəyi olan rəqiblə qarşılaşacağıq.  İlk xoş xatirələrimiz həmin stadiondadır. İnanıram ki, futbolçular yenə də yaxşı nəticə üçün çalışacaqlar. Problemlərimiz var. Hazırlaşmğa bir o qədər vaxtımız olmadı. Fikrimiz çempionat oyununa yönəlmişdi. Futbolçuların hamısı birlikdə normal məşq edə bilmədik. Bu gün komandanın istirahət günü idi. Futbolçuların istirahətinə vaxt lazım idi. Sağ-salamat çataq, sabah səhər məşqimiz var. O məşqdə komandanı oyuna tam hazırlamağa çalışacağıq. Problemləri nəzərə almasaq, fikrimizi tam oyuna kökləmişik. İnanıram ki, futbolçuların təcrübəsi özlərini düzgün idarə etməyə yetəcək". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" ilə Niderlandda keçiriləcək görüşündən əvvəl Bakıdakı mətbuat konfransında bildirib. Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

- Bəlkə də sizin rəhbərliyiniz altında "Qarabağ"ın belə çətin dönəmi olmamışdı, komandada köklü dəyişikliklər edilib. Belə müddətdə Konfrans Liqasına düşmək sizin üçün faydalı olar, yoxsa Konfrans Liqasız dönəm daha yaxşıdır?

- Bu cür dönəmlərimiz çox olub. Buna çətinlik deməzdim. Bu, futbolun bir hissəsidir. Avropada oynamaqdan vaz keçmək istəmirik. Avrokubokları çempionata qurban vermək fikrində də deyilik. Avrokuboklar tam başqa səviyyədir. Konfrans Liqası olsa belə... Bizim üçün orada o qədər tanınmış, keyfiyyətli klublar var. Biz ordan əl çəkmək istəmirik. Yeni gələn oyunçularımız var və onların o turnirdə məsuliyyətli adaptasiya şanslarına sahibdirlər. Buna ehtiyacları var. Yeni gələnlərə baxıram, hazırlıqlarına fikir verirəm, o turnirlər başqadır. Futbolçular o turnirlərdə böyüyürlər. Çempionatda hansısa çətinliklərimiz ola bilər. Amma biz bu dönəmi keçməliyik. İnsan, klub çətin dönəmdə böyüyür. Klublar böyük hesablı məğlubiyyətlərdən sonra böyüyür. Biz buna hazır olmalıyıq, bunun üzərinə gedirik. Konfrans Liqasının əsas mərhələsinə düşməyə şansımız var, buna yox demirik. Daha ciddi hazırlaşırıq. Çətinliklərə gəldikdə, bundan da gərgin dönəmlərimiz olub. İllər əvvəl o qədər olub ki, narazılıqlar, söz-söhbətlər, çempionsuzluqlar, kuboksuzluqlar...Pillə-pillə irəliləmişik. Bu cür durumları gələcəyimizə faydalı kimi baxıram.

 

- Sizə elə gəlmir ki, "Qarabağ"ın üzərində təzyiq daha çoxalır. "Dinamo" (Kiyev) səddini keçdiniz, amma yenə də narazılıqlar var idi. Sanki komandanın illər ərzində qazandığı nəticələr görülməzdən gəlirlər..

Bilmirəm necə cavab verim. Bu günə kimi olan uğurlarımıza göz yumurlar-yummurlar...Bilmirəm buna nə cavab verim. İnanmıram ki, kimsə nəsə yazanda da buna göz yumaraq yazsın. Avrokuboklardı da. Fərqi yoxdur, "Qarabağ", "Sabah", "Zirə", "Neftçi" olsun, hamımız o komandaların yanında olmalıyıq. Millinin də həmçinin. Bundan sonra da yanında olacağıq. Bu günə qədər qazandığımız uğurlar...Bu gün də uğursuzluq, bilmirəm. Futboldur. Mümkün deyil ki, ən güclü komanda ardıcıl çempionluqlar yaşasın, Çempionlar Liqasını udsun. Ən güclü məşqçilər bir il kuboku qazanıb, daha sonra finala da çıxa bilməyib. Futbol belə oyundur. Çünki burada düşüncələr, beyinlər, keyfiyyətli futbolçular, məşqçilər var. Ola bilər ki, biz ordayıq, amma kənardan bizə qarşı elə ciddi hazırlaşsınlar ki, o anda hiss etməyək və uduzaq, hər şeyi itirək. Bəli, yazanlar oldu. Hətta Bakıdakı oyundan sonra da yazılar olur, fikirlər bildirilir. Sadəcə, biz öz yerimizdəyik, amma digər rəqibləri kiçiltmək lazım deyil. Bu da insanların bizə olan inamını, futbola olan sevgisini bir az aşağı salır. Biz "Dinamo"ya qalib gəldik. Deyə bilərik ki, indi onlarda Şevçenko, Bloxin yoxdur. Amma bu klub "Dinamo"dur. Onlara qarşı oynamaq bizim üçün prestijdir. Şükür Allaha, qalib gəlmişik. Tarixdə statistika yazılacaq ki, "Qarabağ" filan vaxtı "Dinamo"ya qalib gəlib. Bunu nə qədər kiçiltmək istəsən də, nəticə oradadır. ÇSKA (Sofiya) klubuna baxaq. Məşqçilik karyeramda ən ağır komandalardan biri idi. Sistem oynadılar, istək çox idi, çox ac idilər. Bəzən belə rəqiblər çıxır və onlara qarşı oynamaq çətindir. Uduzmadıq, amma penaltilərlə keçdilər. Futbolda belə maraqlı epizodlar olur. Bu gün çatışmazlıqlarımız var. Daha yaxşı ola bilərdik. Amma yarışdan qopmaq fikrimiz yoxdur. Deyək ki, "Qarabağ" yıxıldı, yoxdur, xeyr. Nəyə görə? Biz çəkinmirik, qorxmuruq, işimizdn yorulmuruq, azarkeşlərin daim haqqını verməyə hazırlaşırıq. İş saatımızı çoxaldırıq. Azarkeşlərimiz, futbol camiəsi bundan narahat olmasınlar. Sadəcə, uğursuzluq həmişə olur. Uğursuzluq var deyə, qorxduq-çəkindik deyə, fikrimiz yoxdur. İnanmıram ki, uğurlarımıza göz yumaraq, bunu yazsınlar.

 

- İllər əvvəlki "Tvente" ilə indiki arasında fərq çoxdur?

Bəlkə biz o dönəmdə indikindən daha yaxşı idik. Oyunçuların zədəli olduqlarına görə belə fikir deyirəm. O dönəmdə daha hazırlıqlı idik. Daha çox istəkli idik. Amma "Tvente" bu gün çox kombinassialı futbol oynayır. O vaxtı təcrübəlilər daha çox idi, indi dinamik oyunçular daha çoxdur. Topla, sürətli futbol oynayır, çox maraqlı oyun nümayiş etdirirlər. Diqqətimi çox cəlb etdi. Maraqlı oyun alınacaq. Çalışacağıq ki, gözəl, maraqlı futbol olsun. Hər dönəmin öz tələbləri var. Kim möhkəm dayanırsa, o da qalib gəlir. O komandada məşqçi çox istəklidir, biz də. Meydana çıxan futbolçularımızın üzərinə çox məsuliyyət düşəcək.

 

- Elvin Cəfərquliyev iki həftə olmayacaq, Abdullah Zubir də komandadan ayrıldı. Elvin-Zubir tandemini əvəzləyəcək kimlər var? Yeni transfer düşünürsüz?

Bəli, nadir hallarda olur belə bir-birini tamamlayan futbolçular. Elə epizod yox idi ki, onlar bir-birini başa düşməsin. Onların bir-birini tamamlaması çox vacibdir. Mütləq ki, əvəzləyəcəyik. Ola bilər ki, başqa üstün cəhətlərimiz olsun. Bizim başqa kombinassiyalarımız ola bilər. Mən solda sağ ayaqlı futbolçu istəyirəm. Hazırda belə oyunçumuz Renaldo Sefasdır. Çempionatda onu oynatdıq. Amma "Tvente" ilə görüşdə oynayıb-oynamayacağını bilmirik.  Sağlamlığı tam bəlli deyil. Oynamamaq ehtimalı da çoxdur. Belə olarsa, əlavə ciddi problem çıxa bilər. O mövqeyə bir oyunçu yenə istəyirik. Axtarışlarımız gedir. Bəzən olur ki, məşqçi öz istədiyi sistemi, daha çox istədiyi oyunçuları yığır. Hansısa bir dönəmdə alınmayanda, başqa bir şey düşünürük. İnanıram ki, bunu da yoluna qoyacağıq.

 

- 10 nömrəli forma kimə veriləcək?

İstəyənlər çoxdur. Bu oyunlar bitsin, baxarıq.

 

- "Qarabağ"da təzyiq var?

Təzyiq həmişə var. Belə böyük oyunlardan qabaq futbolçularda, məndə, rəhbərlikdə təzyiq həmişə olur. Son vaxtlarda azarkeşimiz o qədər çoxalıb ki, bizdən tələblər də artır. Bizi yenə də o arenalarda görmək istəyirlər. "Vestri" ilə oyundan sonra da demişdim ki, ÇL-in ab-havası var idi. Həmişə gərginlik var. Bu da normal haldır. Təcrübə gərginliyi rahat və tez aradan qaldırır. Yeni oyunçularımız var və onlar ikiqat gərgindirlər, həyəcanlıdırlar. Çünki onlar bura gələndə bu atmosferi hiss etmirdilər. Bura gəldikdən sonra onlardan bu qədər tələbimizi gözləmirdilər. Ona görə futbolçularda bir az həyəcan var. Hamısı bunu anlayaraq qəbul edirlər. Bəzi futbolçularımız öz formasından uzaqdır. Amma mən pozitiv düşünürəm.

 

- İştirak ərizəsində dəyişiklik mümkündür?

Dünən bir dəyişiklik olmalı idi, amma qaldı. Sanki iş tamamlanırdı...Yeni transferlə bağlı deyirəm. Birdən-birə problem orataya çıxdı, qaldı.

 

- Qnalinin gələcək perspektivini necə görürsüz?

Özünə bildirmişik. Cavandır. Perspektivli oyunçudur. Sadəcə bəzi oyunçuların daha çox oynamağa ehtiyacı var. Ola bilər ki, bizdə 3-5 oyun oynasaydı, formasını daha yaxşı bərpa edərdi. Ancaq bizdə orada Elvin Cəfərquliyev, Toral Bayramov oynayırdı. İndi də Bruno Lanqa var. Onlarla mübarizə aparmaq asan deyil. Ancaq bu o demək deyil ki, yaxşı futbolçu deyil. Qnalinin yaxşı potensiallıdır.