"Zirə"nin sabiq futbolçusu Salifu Sumanın İsveçin "Malmö" klubundan ayrılacağı gözlənilir. Sport24.az xəbər verir ki, 22 yaşlı hücumçu Yunanıstan təmsilçisi "Panetolikos"a keçməyə yaxındır.

"Gazzetta.gr"in məlumatına görə, futbolçunun transferi ilə bağlı "Malmö" ilə razılıq əldə olunmaq üzrədir. Beləliklə, İsveç klubunda gözlədiyi qədər forma şansı qazanmayan qvineyalı futbolçunun karyerasını Yunanıstanda davam etdirməsi gündəmə gəlib.

Salifou Soumah ötən ilin yayında "Zirə"dən "Malmö"yə transfer olunub. O, 2025-ci ildə İsveç çempionatında 7 oyunda meydana çıxıb və bunlardan yalnız birində start heyətində yer alıb.

Müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədə olan Suma fevral ayında Polşanın "Radomyak" klubuna icarəyə verilib. Hücumçu burada 12 matçda 1 qol vurub.

Məsələ burasındadır ki, Salifu Suma son günlər Azərbaycan klublarının da diqqətində olub. "Neftçi" və "Qarabağ" 22 yaşlı futbolçunun xidmətində yaxından maraqlanıb. Lakin tərəflərin marağına baxmayaraq, müəyyən səbəblərdən transfer reallaşmayıb.