"Barselona"nın sabiq kapitanı Karles Puyol Joze Mourinyonun "Real"a mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Puyol portuqaliyalı mütəxəssisin Madrid klubunu daha da gücləndirə biləcəyini deyib.

"Mourinyo ilə "Real" daha güclü ola bilər. Söhbət möhtəşəm məşqçidən gedir. Mən onunla "Barselona"nın akademiyasında olduğum vaxt tanış olmuşam. Həmin vaxt belə futbolu çox yaxşı bildiyini görmək mümkün idi. Daha sonra möhtəşəm karyera qurdu və "Real"a getdi. Karyeralarımızın ən yüksək nöqtəsində idik və aramızdakı böyük rəqabəti xatırlayıram", - deyə Puyol bildirib.

Sabiq müdafiəçi "El Klasiko"da ən çox 2009-cu ildəki 6:2 hesablı qələbəni xatırladığını da qeyd edib. Onun sözlərinə görə, həmin qarşılaşma "Barselona"nın çempionluğa gedən yolunda həlledici olub.

"Bir çox "El-Klasiko"da oynamaq imkanım olub, amma 6:2 hesabı ilə qalib gəldiyimiz matç ən çox xatırladığım qarşılaşmadır. Çox çətin mövsüm idi, Qvardiolanın bizimlə ilk ili idi. Mövsümün ilk yarısında çox yaxşı çıxış edirdik, lakin "Real" fərqi azaldırdı. Dörd xal öndə idik və çempionatın başa çatmasına dörd tur qalmışdı. Həmin inanılmaz qələbə bizə çempionluğu demək olar ki, qazandırdı", - deyə Puyol bildirib.

Puyol Lamine Yamal barədə də danışıb. O, gənc futbolçunun sakit, rəqabətədavamlı və ayaqları yerə basan biri olduğunu vurğulayıb.

"Lamin Yamalın böyük gələcəyi var. O, həm İspaniya ilə yenə dünya çempionluğu, həm də "Barselona" ilə çoxsaylı titullar qazana bilər. Əsas məsələ futbola köklənməsi və inkişafını davam etdirməsidir. İspaniyanın hazırkı heyəti çox gənc və istedadlıdır. Bir dünya çempionluğu möhtəşəmdir, ikincisini qazanmaq isə inanılmaz olardı", - deyə Puyol əlavə edib.