"Qarabağ"a millilərə gedən 10 futbolçu üzündən say azlığına görə "Qalatasaray"la keçiriləcək xeyriyyə matçı üçün 2 klubdan - "Zirə" və "Şamaxı"dan 4 oyunçu cəlb olunub. Ağdam klubundan Sport24.az-a verilən məlumata görə, "Zirə"dən qapıçı Anar Nəzirov və haitili müdafiəçi Donald Gerye, "Şamaxı"dan isə müdafiəçi Rauf Hüseynli ilə yarımmüdafiəçi Nihad Quliyev komandaya cəlb olunub. Son 2 futbolçu müqaviləylə "Qarabağ"a məxsus olaraq şamaxılıların heyətində icarədə çıxış edir. Gerye  isə ağdamlıların sabiq legioneridi. 

Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.