CEYHUN ƏLİYEV

 

Ötən axşam tribunadan izlədiyim oyun barədə bəhs etmək istəyirəm. "Neftçi Arena"da baş tutan görüşü nəzərdə tuturam. Qarşılaşma bir sıra aspektlərə görə böyük marağa səbəb olmuşdu. Hər iki komandanın baş məşqçi postuna ən azı MDB məkanında adlarından söz etdirmiş mütəxəssislər gətirilib ki, bu da intriqanı nəzərəçarpacaq dərəcədə artırırdı...

Hələ oyundan 1 gün əvvəl arenanın ot örtüyünün qeyri-qənaətbəxş vəziyyətdə olması barədə məlumat verdiyimizdən, futbolçuların texniki cəhətdən çoxsaylı səhvlərə yol verəcəyi şübhə doğurmurdu. Gözləntilərimiz bizi yanıltmadı: buraxılan səhvlərin sayı-hesabı yox idi. Elə tablodakı "0"-ların da dəyişməz qalmasında örtüyün müstəsna rolu oldu. Bir tərəfdən də havanın isti olması tempi öldürürdü. Kurban Berdıyev "ikinci nömrə" taktikasını seçməklə ənənəsinə Azərbaycanda da sadiq qalacağını ilk oyundaca göstərdi. Buna baxmayaraq, Tovuz təmsilçisi meydan sahiblərindən qat-qat çox qol imkamı yaratmağı bacardı. Roman Qriqorçuka gəlincə... Sürətli, dinamik, qanadlardan maksimum yararlanmaq üslubunu istəyən ukraynalı çalışdırıcının bütün arzuları gözündə qalmağa məhkum idi. Bu cür meydanda sadaladıqlarımızı reallaşdırmaq mümkün deyil. "Neftçi" üçün yeganə təsəlli media üzrə koordinator Rüstəm Əfsərlinin "ayın sonunadək örtük qaydasına düşəcək" deməsidir. Onsuz da stadionun bu sahəsinə məsul şəxslər hər il eyni ssenarini təkrarlayır və onlara güldən artıq söz deyən yoxdu. Biz alışmışıq, Qriqorçuk da öyrəşəcək.

Dediklırimizlə yanaşı, onu da qeyd edək ki, bu, ilk tur idi. Başqa sözlə, futbolçular ağır yüklənmədən çıxıb. Daha 2 oyun arxada qaldıqdan sonra ayaqlar açılmalıdır. Yəni hər iki tərəf barədə daha müfəssəl bilgini 4-cü turda ala biləcəyik. Hələliksə 5 ballıq şkala ilə "Neftçi" yə "3", "Turan"a isə "3+". Qonaqlara "4" də vermək olardı, amma son 10 dəqiqədə 4(!) dəfə guya qıcolmadan yerə sərilən futbolçulara "yaxşı" demək 5-ci qıcolmanın da bu yazının müəllifinin yaşaması anlamına gələr.