"Azərbaycana ilk gəldiyimdə ölkə və futbolu ilə bağlı məlumatım yox idi. Zaman keçdikcə Bakıdakı həyatıma uyğunlaşdım. İndi burda olmaqdan, qonaqpərvər və səmimi azərbaycanlılarla yaşamaqdan məmnunam. Ümumi olaraq uyğunlaşmağım üçün 6 ay çətinlik çəkdim. Bundan sonra öyrəşdim. Burada çox yaxşı xatirələrim olub və pis keçirdiyim günlər də var". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Sezar Meza Kolli "Neftçi TV"də yayımlanan "Piramida" verilişində qonaq olarkən deyib.
Paraqvaylı oyunçu Rumıniya xatirələrindən və Azərbaycandakı çıxışından söz açıb: "Rumıniyada qısa müddət çıxış etdim. Ardıcıl zədə səbəbindən heyətdə möhkəmlənə bilmədim. Daha sonra yenidən Azərbaycandan təklif aldım. Qayıtdığım üçün heç də peşman deyiləm. Hazırda çıxış etdiyim komanda Azərbaycanın ən titullu və tarixi klubudur. Azərbaycana gələndə əsas hədəfim ölkənin ən böyük və köklü komandasında oynamaq idi və buna da nail oldum. Əsas məqsədim komandaya faydalı olmaqdır. Komanda ilə birgə titullar qazanmaq üçün əlimdən gələni edirəm".
Qeyd edək ki, 2015-ci ildən Azərbaycanda çıxış edən Meza Kolli müxtəlif zamanlarda Rumıniyanın "Universitatya" klubunda forma geyinib. 2021-ci ildən isə "Neftçi"də çıxış edir.