"Mingəçevir" ilə görüşdə komanda olaraq yaxşı çıxış etdik, matç boyu üstünlük bizim tərəfimizdə idi. 90 dəqiqə ərində dominant oyun sərgilədik". Bu sözləri Sport24.az MOİK-in qapıçısı Kamran İbrahimov deyib.
Təcrübəli qapıçı Birinci Liqanın 4-cü turunda "Mingəçevir"ə qalib gəldikləri qarşılaşma barədə fikirlərini bölüşüb:
"İlk hissədə yaratdığımız qol şanslarından yararlana bilməsək də, fasilədən sonra fürsətləri qola çevirməyi bacardıq. Futbolçularımız sona qədər mübarizə apardılar və oyuna nəzarəti əlimizdə saxlamağa çalışdıq. Son 4 matçda 7 xal toplamağımız, əlbəttə ki, bizi qane edə bilməz. Çünki bu görüşlərdə daha çox xal qazanmalı idik. Vacib xallar itirmişik və bunun fərqindəyik. Ancaq çempionat hələ uzundur, qarşıda bizi çoxlu oyunlar gözləyir. İtirdiyimiz xalları növbəti matçlarda sığortalamağa çalışacağıq. Bunun üçün daha diqqətli olmalı, yaratdığımız qol imkanlarından maksimum yararlanmalı və hər oyuna yüksək motivasiya ilə çıxmalıyıq".
İbrahimov komandasının mövsüm üçün məqsədini açıqlayıb:
"Mövsümün əvvəlindən əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaq olub. Bu da dəyişməyib. Komanda olaraq qarşımıza qoyulan hədəfə çatmaq üçün əlimizdən gələni edirik. İnanırıq ki, məqsədimizi reallaşdıra biləcəyik. Əsas odur ki, mübarizəmizi davam etdirək və qarşıdakı görüşlərdə maksimum nəticə qazanmağa çalışaq".
Qeyd edək ki, MOİK - "Mingəçevir" qarşılaşması meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.