"Əvvəla onu deyim ki, Mübariz müəllim həmişə istəyib ki, Lənkəranda futbol olsun və inkişaf etsin. Bu onun əsas amalıdı. O, hər zaman bizim yanımızdadı. Stadionumuzun təmiri və yenidənqurulmasıyla bağlı büdcə ayırımına gəlincə, bu hələki reallaşmayıb. Mübariz müəllim nə vaxt bəlli məbləğ ayıracaqsa, futbol məkanımızı təmirə bağlayacağıq. Amma hələlik gözləyirik". Bu sözləri Sport24.az-a açıqlamasında Lənkəran stadionunun direktoru Höccət hacıyev bildirib.

 

Dünən "Palmali" şirkətinin Prezidenti, tarixin yaddaşına köçmüş "Xəzər-Lənkəran"ın sahibi Mübariz Mənsimovun Lənkəran şəhər stadionuna maddi yardım ayıracağı və "Fırtınalar meydanı"nı yenidən təmir etdirəcəyi bağlı xəbər gündəmi zəbt etdi. Məsələ ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün  "Fırtınalar meydanı"nın direktoru ilə əlaqə saxladıq. Höccət bəy həm arenada aparılacaq təmir işlərindən, həm də "Xəzər Lənkəran"ın dirçəlməsindən danışıb:

 

"Lənkəranda futbol həmişə populyar olub. Biz hamılıqla doğma rayonumuza böyük futbolun qayıtmasına çalışırıq. Stadionumuzun əsaslı təmirindən sonra klubumuzun fəaliyyətini bərpa etmək haqqında düşünürük. AFFA ilə müzakirələrimiz olacaq. Onlarla dəyirmi masa arxasındakı söhbətdən bəlli olacaq ki, komanda mübarizəyə  Region Liqasında başlayacaq, yoxsa 1 və ya 2-ci liqadan".

POLAD AZƏR