Azərbaycan Premyer Liqasında növbəti turun müzakirəsi ilə bağlı "Mütəxəssis rəyi" rubrikamızın budəfəki millimizin məşqçisi Arif Əsədov oldu. 51 yaşlı mütəxəssislə çempionluq mübarizəsi, avrokuboklara ən real namizədlərlə yanaşı, eyni zamanda milli üzvləri, namizədlərin hazırkı durumu haqda danışdıq. 

- Sizin üçün XVII turun sensasiyası Zirədə oldu, yoxsa "Zirə"yə qol belə vura bilməyən "Neftçi"nin uduzmasını sensasiya saymırsınız?

- Sensasiya deməzdim. Ümumiyyətlə, bu çempionatda artıq hansısa sensasiyadan danışmaq düzgün olmazdı. Çünki komandaların hər biri bir-birindən xal ala bilər. Ancaq bəli, gözlənilməz nəticə demək olar. Matçı millimizin baş məşqçisi Canni de Byazi ilə birgə stadiondan izləyirdim. Oyunda ərazi üstünlüyü "Neftçi"də idi. Ümumiyyətlə, bu komandaların son görüşlərini izləsək, belə mənzərə görünür ki, artıq "Zirə" "Neftçi"yə qarşı daha çox müdafiədən oynayır, ona boşluq verməyərək əks-hücumlarda yaxalamağa, əlinə düşən imkanlardan maksimum yararlanmağa çalışır. Hələ bu matçdan əvvəl Rəşad Sadıqovun məşqində də olmuşduq və bunun üzərində işlədiklərinə şahidlik etmişdik. Rəşad bunun effektini oyunda gördü. Belə götürsək, "Neftçi" ən azı 1 xal götürə, bu, ədalətli nəticə ola bilərdi. Ancaq "Zirə"nin qurduğu taktiki sxem öz bəhrəsini verdi və 3 xalını qazandı. Bununla da "Neftçi"ylə arasındakı xal fərqini azaltdı. 

- Yeri gəlmişkən, Sadıqovla görüşdə de Byazi hansı məsələləri müzakirə etdi?

- İkinci dəfə idi de Byaziylə "Zirə"nin məşqində olurduq. Bu, daha əvvəl hazırlıq dönəmində olmuşdu. Sadıqov italyan mütəxəssisin ora gəlməyinə çox şad oldu. Bilirsiniz, millinin baş məşqçisinin gəlib hazırlıq prosesində iştirakı futbolçular üçün bir motivasiyadı, onları həvəsləndirir,  klub üçün də bir stimul kimidi. Bu səfərləri istər de Byazi, istərsə də köməkçiləri mütəmadi təşkil edir. Səmimi qarşılandıq, ümumi fikir mübadiləsi apardıq. Məşqi izlədikdən sonra bir daha təşəkkürünü bildirdi baş məşqçimiz. Bir sözlə, işgüzar bir görüş oldu. 

- Maraqlıdı, kənarda qalması çox müzakirə obyekti olan "Zirə"nin kapitanı Ağabala Ramazanovun millnin qarşıdakı rəsmi matçlarına çağırılması məsələsi müzakirə edildi?

- Bu baxımdan konkret bir şey deyə bilmərəm. Baş məşqçilərin öz aralarında da söhbət oldu. Onu deyə bilərəm ki, Ağabala da de Byazinin diqqət mərkəzindədi. Necə ki başqa futbolçular kimi - millinin qapısı hər biri üçün açıqdı. Ramazanov son vaxtlar zədəylə bağlı millidən kənar qalıb. Bu, Millətlər Liqasında da olduğundan cəlb edilməmişdi. Yaxında da Ağabalanın zədə problemi oldu, uzun müddət oynamadı. Son 2 turdu meydana çıxır, Sadıqovun özü də görürsünüz ki, ona 90 dəqiqə şans vermir, fiziki durumunu nəzərə alaraq onu 60-70-ci dəqiqələrdə əvəzləyir. Təbii ki, vaxt var, baş məşqçinin yekun qərarı olacaq və bunu görəcəyik. Onu deyə bilərəm ki, de Byazi yaxından izləyir, "Zirə"nin bir neçə futbolçusu onun nəzərindədi və sırf məşqdə də onların işgüzarlığını görmək istəyir. 

- Turun matçlarına qayıdaq. "Neftçi"yə bu xal itkisi, "Qarabağ"ın ona çatması bir gərginlik yaradacaqmı?

- Məncə, hələ xallar itiriləcək. "Qarabağ" də "Səbail"i çətinliklə məğlub etdi. Bu gün belə mənzərə görünür ki, liderlərimiz, hətta "Qarabağ", "Neftçi" kimi komandalarımız sıx, kompakt oynayanların müdafiəsini yarmaqda, onlara qol vurmaqda çətinlik çəkirlər. 

- Bu zaman futbolçuların fərdi ustalıq səviyyəsi ön plana çıxır. Necə ki "Qarabağ"da Xayme Romeronun cərimə zərbəsindən necə gözəl vurduğunu, komandasına vacib 3 xal qazandırdığını gördük...

- Təbii ki, hansı komandalarda ustalıq səviyyəsi yüksək, cərimə, standart vəziyyətlərdən, uzaq məsafələrdən qol vura bilənlər, oyunu öz üzərinə götürən futbolçular varsa, onlar uğur qazana bilirlər. Ancaq kimdəsə bu, alınmırsa, çətinlik çəkir. "Neftçi"də ustalıq səviyyəsi yüksək olan futbolçular var. Ancaq əksəri taran tiplilərdi. Misal üçün yeni hücumçu Ahmed Ahmedov kimi. Baxırsan, çalışqandı, işgüzarlığı ilə seçilir, cərimə meydanına asmalardan gözlənilməz zərbələr vurur. Ancaq oyunu üzərinə götürüb müdafiəni yarmağa çətinlik çəkir. Sabir Buqrin meydana girəndən sonra "Neftçi"də bir az hərəkətlilik göründü. Onun da zədə problemi vardı son vaxtlar. "Zirə" bilərəkdən ərazi üstünlüyünü "Neftçi"yə verərək, onu əks-hücumlarda yaxalamaq istəyirdi. 

- Sizə elə gəlmir ki, "Qarabağ"ın heyətinə, təcrübəsinə, stabilliyinə görə büdrəmək ehtimalı "Neftçi" müqayisədə azdı?

- "Neftçi" gərək sıx müdafiəyə qarşı nəsə eləməlidi, bu haqda düşünməlidi. Fikrimcə, tək "Qarabağ"dan başqa digər rəqiblərinə qarşı "1-ci nömrə"ylə oynayacaq. "Qarabağ"la qarşı isə asan olacaq "Neftçi"yə. Bu da əks-hücumlarda oynamasının rahat olmasıyla bağlıdı. Baxırsan statistikaya, "ağ-qaralar" bu çempionatda 2 dəfə "Qarabağ"ı məğlub edib, Bu da əks-hücumları uğurlu tamamlandığına görədi. 

- "Zirə" "Sumqayıt"la xal fərqini azaltdığına görə özünü rahat hiss edə bilərmi? Yaxud "Sumqayıt"da "Qəbələ"nin xal fərqini 2-yə azaltdığına görə gərginlik yaranacaqmı?

- Məncə, medallara mübarizə aparanlar 70 faiz bilinir. Bunlar hazırda ilk üçlükdə olan "Neftçi", "Qarabağ" və "Zirə"di. Sonuncularda problemlər bir az heyətlə bağlı yarana bilər. Çünki zədəliləri artır, özü də hücumda. Davit Volkov sıradan çıxdı, təəssüf ki, Filipe Paxtman bundan əvvəl zədələnmişdi. Qışda aldıqları bu hücumçu özünü çox yaxşı göstərmişdi, görünürdü ki, potensialı var. "Zirə"də hücumda bu ciddi problemlər gələcək oyunlarda mənfi təsiri göstərə bilər. Tək gənc Musa Qurbanlı qalıb. Təbi ki, onun üçün şansdı və qarşıdakı matçlarda bundan istifadə etməyə çalışacaq. Ancaq hücumdakı bu çətinliyə görə hansı komanda gəlib "Zirə"yə çata bilər. Mənə elə gəlir ki, qalan 5 komandada stabillik çatmır. Onlar daha çox 4-cü yer uğrunda mübarizə aparacaq. Ancaq ilk üçlükdə olanların mövsümü medalçı kimi bitirmək şansları daha çoxdu. 

- Bəs, son 3 pilləni bir-birinə təhvil verən tironun - "Səbail", "Keşlə" və "Sabah"ın 4-cü yer uğrunda mübarizəyə qoşulacağıını gözləyirsiniz?

- Son oyunlar da göstərir ki, daha çox "Qəbələ" "Sumqayıt"la 4-cü yer uğrunda mübarizə apara bilər. Dediyiniz 3 komanda isə daha çox son pillədən qurtulmaq üçün mübarizə aparır. "Qəbələ"nin potensialı hiss olunur. Açıq futbol oynayır, ən baxımlı oynayan komandalarımızdan biridi. "Neftçi"dən 1 xal götürməyə oynasaydılar, bəlkə də buna nail olardılar. Səfərdə çıxış etsələr də, açıq futbola üstünlük verdlər və sonda 1 xaldan da oldular. Bu, bir dəfə də belə olub.

- Sizcə, son 3 pillədə olanları birləşdirən eyni problem nədi ki, heç cür uğursuzluq zolağından çıxa bilmirlər?

- Hiss olunur ki, heyət baxımından stabillik çatmır. Götürsək elə "Sabah"ı. Görməmişəm ki, bu komanda 3-4 tur eyni heyətlə çıxsın - istər gənc, istərsə də təcrübəli futbolçuları oynadanda. Məsələn, son vaxtlar Veysəl Rzayev oynayırdı, indisə 3-4 turdu oynamır. Bu, milliyə namizədlərə də aiddi, legionerlərə də. Müxtəlif taktiki sxemlərə əl atır "Sabah"ın baş məşqçisi ki, bu da öz sözünü deyir. Futbolçular anlaşmada çətinlik çəkir. Həm müdafiədə, həm də hücumda bir-birləriylə yaxşı anlaşmırlar. "Keşlə"yə yeni baş məşqçi gəlib, öz oyun fəlsəfəsini yeridəndə, onda da da qeyri-stabillik yaranır. Ancaq "Səbail"də hansısa bir özək var. Sadəcə, əhval-ruhiyyə komandasıdı. Təbi ki, bu da klubda olan hansısa maddi sıxıntılarla bağlıdı. 

- "Sabah"da milli üzvləri kölgədə qalıb - Bəhlul Mustafazadə hələ qış fasiləsinədək zədələndiyinə görə oynamır, Təmkin Xəlilzadə daha start heyəti üzvü deyil, Ramil Şeydayev artıq çox az oynayır, Coşqun Diniyevdə də oyun praktikası problemi var. Amin Seydiyev daim əsas heyət üzvü olsa da, o da uğurlu çıxış etmir, autsayder komandanın üzvüdü. Bu, siz milinin məşqçilərdə narahatlıq yaratmalıdı millinin rəsmi oyunlarına 1 aydan az qaldığı bir vaxtda...

- Təbii ki, doğrudu. De Byaziylə oyunlara gedəndə, hansısa milli üzvləri oynayanda buna bizim üçün sevindirici məqam kimi baxırıq. Bu, ən azından oyun praktikaları olması baxımındandı. Ancaq gəlib oynamadıqlarını görəndə, təbii ki, böyük bir sual doğurur. Bu baxımdan narahatlıq var. Hal-hazırda bilirsiniz ki, Azərbaycan futbolçularında elə geniş seçim yoxdu. Vur-tut 30-40 futbolçu var ki, bunlar da oynamayanda seçim artıq az qalır. Təbii ki, hər zaman bu haqda düşünürük yeni adlara baxaq, görək hansı futbolçular daha çox çıxş edir. Bu gün milliyə düşmək o baxımdan asandı ki, hansısa futbolçu bir az özünü stabil oynasa, onun şansı yaranır namizəd olsun. Bunu sizə açıq deyirəm. Qabaqkı kimi seçim böyük deyil ki, 60-70 futbolçu arasında seçim edəsən. Baş məşqçiyə fərqi yoxdu - bu, gənc futbolçu da ola bilər, təcrübəli də. Yəni, burda futbolçunun tanınmış olması yox, hazırkı forması, klubunda oynaması, daim praktikasının olması, bu planda əziyyət çəkməməsi əsas rol oynayır. 

 

 

MEHMAN SÜLEYMANOV