AFFA-nın Futbolun İnkişafı departamenti tərəfindən futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində "Sumqayıt" Futbol Akademiyasının kollektivi ilə görüş təşkil olunub. Sport24.az xəbər verir ki, görüşdə Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, akademiyalara nəzarət və keyfiyyət standartları üzrə supervayzer Sakit Rzayev və "Eyeball" platforması üzrə layihə meneceri Ziya Əskərov iştirak ediblər.

 

Təlimlər zamanı beş ulduz sertifikatlaşdırma modelinin tətbiqi, qiymətləndirmə və xal toplama mexanizmi, oyunçuların inkişaf yolu, yaş qrupları üzrə inkişafı və keçidi, məhsuldarlıq və çıxış göstəriciləri, məşq prosesinin planlaşdırılması və oyunçu profillərinin müəyyənləşdirilməsi ilə bağlı məlumatlar təqdim olunub.

 

Həmçinin futbolçuların fiziki göstəricilərinin testlər vasitəsilə qiymətləndirilməsi, əldə olunan nəticələrin məşq prosesində tətbiqi və "Eyeball" platformasının oyunçu inkişafının planlaşdırılması və monitorinqində yaratdığı imkanlar barədə məlumat verilib.