"Kəpəz" komandanın akademiyasının yetirməsi Əlisahib Əliyevlə peşəkar müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, 15 yaşlı qapıçı bundan sonra məşqlərini əvəzedicilərdən ibarət komanda ilə davam etdirəcək.
Hazırda "Kəpəz"in U-19 komandasının əsas qapıçısı olan Əlisahib peşəkar müqavilə sayəsində Əvəzedicilər Liqası və Misli Premyer Liqasında forma geyinmək hüququ qazanıb.
Qeyd edək ki, "Kəpəz" tarixində yeniyetmə futbolçu ilə sonuncu belə müqavilə 2018-ci ildə imzalanıb. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb olunub. Əlisahib Əliyev isə Gəncə klubunun tarixində peşəkar müqavilə imzalayan ən gənc qapıçı olub.
Futbolla 5 yaşından məşğul olan Əlisahib çevikliyi və reaksiyası ilə məşqçilərin diqqətini çəkib. O, kiçik yaşlarından etibarən özündən böyük yaş qruplarında çıxış edib.
Gənc qapıçı klubun rəsmi saytına açıqlamasında peşəkar müqavilə imzaladığı üçün sevindiyini bildirib:
"Kəpəz"lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib, etimadı doğrultmağa çalışacağam. Məqsədim "Kəpəz"in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın "Top-5" çempionatlarından birində forma geyinməyi arzulayıram. Ən çox sevdiyim klub "Real Madrid"dir. Kumirim isə almaniyalı qapıçı Manuel Noyerdir. Mən də onun kimi ayaqla yaxşı oynayıram, taktiki məşqlərə üstünlük verirəm".