"Mənə güvəndikləri üçün AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Milli komandadan gələn təklif hər zaman qürurverici və məsuliyyətli olur". Bu sözləri Sport24.az-a açıqlamasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Elgiz Kərəmli deyib.
Gənc mütəxəssis U-19 millimizin baş məşqçisi kimi ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini bildirib:
"U-19 millimizin baş məşqçisi kimi bu etimadı doğrultmaq üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam. Qarşıda bizi ciddi və məsuliyyətli iş gözləyir. Əsas məqsədimiz gənc futbolçuların inkişafına töhfə vermək, onların potensialını üzə çıxarmaq və milli komandaya layiqli futbolçular qazandırmaqdır. İnanıram ki, düzgün və planlı iş sayəsində yaxşı komanda formalaşdıra bilərik. Əlbəttə, qarşıya qoyduğumuz əsas hədəflərdən biri Azərbaycanı Avropada layiqincə təmsil etmək və mübarizə apardığımız turnirlərdə mümkün qədər yaxşı nəticə göstərməkdir. Bunun üçün futbolçularla birlikdə çox çalışmalı, hər oyuna ciddi hazırlaşmalıyıq. Ümid edirəm ki, gördüyümüz işlərin nəticəsini meydanda da göstərə biləcəyik".
Qeyd edək ki, U-19 Azərbaycan millisini daha əvvəl Aqil Nəbiyev çalışdırırdı.