Azərbaycan Güləş Federasiyasında (AGF) veteran güləşçilərlə görüş keçirilib. Sport24.az xəbər verir ki, federasiyanın Güləş İrsi və İcması Komitəsinin təşəbbüsü ilə təşkil olunan tədbirdə oktyabrın 6-dan 11-dək İordaniyada keçirilmiş veteranlar arasında dünya çempionatının iştirakçıları, Azərbaycanın tanınmış veteran güləşçiləri və məşqçiləri iştirak ediblər.
AGF-nin baş katibi Pərvin Piriyev dünya çempionatında medal qazanan veteranları təbrik edib, Azərbaycan güləşinin beynəlxalq arenada təmsil olunmasına verdikləri töhfəyə görə onlara təşəkkür edib.
Görüşdə federasiyanın strateji hədəfləri, gələcək planları və Azərbaycan güləşinin inkişaf istiqamətləri müzakirə olunub. Veteranların bilik və təcrübəsindən istifadənin, onların təkliflərinin federasiyanın gələcək fəaliyyətində nəzərə alınmasının vacibliyi vurğulanıb.
Güləş İrsi və İcması Komitəsinin sədri Elçin Cəfərov, veteranlar arasında dünya çempionatının mükafatçıları, Avropa çempionu və dünya çempionatının gümüş medalçısı Rafiq Hacıyev, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Rövşən İsmayılxanlı təkliflərini səsləndiriblər.
Federasiya bundan sonra da veteranlarla mütəmadi görüşlər keçirməyi, nəsillər arasında əlaqələri möhkəmləndirməyi və onların Azərbaycan güləşinin inkişafına yönəlmiş təşəbbüslərini dəstəkləməyi planlaşdırır.