"İlqar Nadiriylə söhbət elədik. Birinci özüm elədim, sonra Rauf Əliyevi çağırdım, o gəldi. İlqar müəllim dedi ki, nə hörmət edə bilərsiniz pulda. Yekunda bizə müqaviləylə çatacaq məbləğdə 2 ay keçdik. Əslində, 1 ay keçməli idik. Sadəcə, İlqar müəllimə görə daha 1 ayı da istəmədik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Kəpəz"lə cari mövsümün sonunadək olan müqaviləsini pozan sabiq futbolçusu Əfran İsmayılov deyib.

Baş məşqçi Tərlan Əhmədovla münaqişədən sonra klub rəhbərliyi ilə müqavilənin pozulmasıyla bağlı danışıqlar aparan 35 yaşlı yarımmüdafiəçi pulunu qəpiyinə kimi alacağı ilə bağlı fikir səsləndirmişdi. Nəhayət, müsbət yekunlaşan danışıqların detallarını açıqlayan Əfran bu müddətdə Gəncədən ona çox zəng gəldiyini etiraf edib: "Bu, Nadirinin köməkçisindən və digər adamlardan olmuşdu. Amma deyirdik ki, yox, pulumuzu axıradək alacağıq. İlqar müəlimə isə əvvəldən demişdik ki, sənə görə 1 ay keçə bilərik. O, yenə gəlib dedi ki, nə köməklik edə bilərsiniz. Dedim, eybi yox, xətrini çox istəyirik, sənə görə 2 ay keçərik. Belə də elədik, razılaşdıq, əl sıxdıq, ayrıldıq. Müqaviləmiz mayın 31-dək idik. Dekabrdan 6 ayımız qalmışdı, sonda razılaşdıq ki, 4 aylıq pulumuzu alacağıq".

Belə çıxır ki, məsələdə həlledici məqam təcrübəli futbolçuların Nadiriyə böyük hörmət bəsləmələri olub. İsmayılov klub rəhbərinin xətrini çox istədiklərini gizlətməyib: "Əlbəttə, bu, belədi. Əslində, prinsip söhbətim vardı Tərlana görə. Ona pul verəsi, keçəsi deyildim. Sadəcə, İlqar müəllimin xətrinə yekunda fikrimi dəyişdim. Dedim ki, problem deyil, sizə görə 1 ayı da istəmirəm. Nə güzəşt elədik, İlqar müəlimə görə elədik. Çünki o, bizə qarşı çox hörmətcil idi, bu, həqiqətən belədi. Tərlan deyəndə ki, belə edin, o deyirdi ki, komandadan çox adam çıxara bilmərik. Çünki müqavilələri var. Biz deməmişdən qabaq baş məşqçiyə başa salırdı reallığı. Bizim üçün böyük şeylər elədi İlqar müəllim. Açığı, elə futbolçular deyilik ki, pulun dalınca düşək. Amma elə söhbətlər var ki...Tərlan bizimlə adam kimi söhbət eləməmişdi, biz də adam kimi hörmət eləmək istəmirdik. Sonda İlqar müəllim girdi araya, söhbət bağlandı". 

Əfran gələcək planları haqda da danışaraq məqçilik kateqoriyası almaq fikrində olduğunu diqqətimizə çatdırıb: "Futbol oynamağı qurtarmışam, futbolda qalacam. Milli futbolçusu olduğuma görə C kateqoriyasını avtomatik veriblər, almışam. Keçmişəm B-ni almağa. Bunun üçün müvafiq kursa gedib yazılmışam, iclas da olub. İnşallah, fevralın 6-da başlayacaq, mayın sonunda yekunlaşacaq. Bu arada institutda imtahanlarım var. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsiyəm. Məşçqilik fakültəsində oxuyuram. Orda qiyabi təhsil aldığımdan, qış sessiyasında bu vaxtlar imtahanlarım olur. Bu, fevralın 3-də bitir, ondan sonra B kurslarında iştirak edəcəm".

 

 

 

MEHMAN SÜLEYMANOV