"Qızıl top" uğrunda mübarizədə Lamin Yamalı dəstəkləyən keçmiş futbolçuların siyahısına daha bir ulduz ad əlavə olunub. Sport24.az xəbər verir ki, "Barselona", "Real" "İnter" və "Çelsi"nin keçmiş hücumçusu Samuel Eto sosial şəbəkələrdə 19 yaşlı istedadlı futbolçuya ürəkdən gələn bir mesaj ünvanlayıb.
"Ürəklərimizin 'Ballon d'Or'u. Bir dahi – qorxmaz və istedadlı...
'Ballon d'Or' uğrunda mübarizədə uğurlar arzulayıram. Amma nəticə necə olursa-olsun, bir şey dəqiqdir: Usman kimi, sən də artıq ürəklərimizin 'Ballon d'Or'usan. Bizi xəyallar qurmağa davam etdir", – deyə kamerunlu veteran futbolçu yazıb.
Qeyd edək ki, Eto'o özü də futbolçu karyerası dövründə bu nüfuzlu fərdi mükafat uğrunda mübarizə aparanlardan biri olub. Əfsanəvi hücumçu heç vaxt "Ballon d'Or"u qazana bilməsə də, yekun sıralamada iki dəfə – 2005 və 2009-cu illərdə – beşinci yeri tutaraq yüksək nəticə göstərib.