Məhəmməd Salah Afrika Millətlər Kubokunun seçmə mərhələsinin ikinci turunda Misir millisinin Cənubi Sudana qarşı keçirəcəyi səfər oyununda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Səbəb kimi, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan matçın süni örtüklü meydançada keçirilməsidir. Misir Futbol Assosiasiyası bildirib ki, bu qərar Qahirədə Anqolaya qarşı keçirilən və 0:0 hesabı ilə başa çatan ilk seçmə mərhələ oyunundan əvvəl qəbul edilib. Həmin matçda Salah oyuna start heyətində başlasa da, ikinci hissənin ortalarında əvəzlənib.
Salahın Cənubi Sudana qarşı oyundan kənarda saxlanılması hücumçunun zədələnmə riskini minimuma endirmək məqsədi daşıyan ehtiyat tədbiridir.
Mənbənin sözlərinə görə, Anqola ilə matçdan əvvəl məşqçilər korpusu ilə Məhəmməd Salah arasında onun Cənubi Sudana qarşı oynamayacağı barədə razılıq əldə olunub. Məşqçilər heyəti futbolçunun təhlükəsizliyini təmin etmək üçün belə qərar verib.