İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lusan ölkənin 2026/27-ci mövsümü üçün Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

İspaniya oyunların iki stadionda – "Santyaqo Bernabeu" (Madrid) və "Xose Sorilya" (Valyadolid) stadionlarında keçirilməsini təklif etməyi planlaşdırır.

 

Millətlər Liqasının qrup mərhələsi oyunlarının 2026-cı ilin sentyabr-noyabr ayları arasında, A Liqasının dörddəbir final mərhələsinin isə 2027-ci ilin martında keçirilməsi nəzərdə tutulub. Final mərhələsinin isə 2027-ci ilin iyununda baş tutması planlaşdırılır.

 

Qeyd edək ki, Millətlər Liqasının hazırkı çempionu Portuqaliyadır. Əvvəlki - 2024/25-ci illər mövsümünün final mərhələsi Almaniyada, Münhen və Ştutqart şəhərlərində keçirilmişdi.