Millimizin futbolçusu Cosqun Diniyev bu yay keçdiyi Türkiyənin "Ümraniyespor" klubunda baş məşqçi dəyişikliyini şərh edib. 28 yaşlı yarımmüdafiəçi artıq Mustafa Erin rəhbərliyi altında çıxış edir. O, bu vəzifədə Coşqunu komandaya gətirən Recep Uçarı əvəzləyib. 

Diniyev Sport24.az-a açıqlamasında son tur öncəsi xəstələndiyindən məşqə çıxa bilməməsi ilə bağlı təəssüfünü ifadə edib: "Ona görə yeni baş məşqçimizlə tam tamış ola bilməmişdim. Millidən gələndə kiçik bir söhbətimiz oldu. Mənə inanıb güvəndiyini, gələcək oyunlara hazırlaşmağımı söylədi. Ümumiyyətlə, millidən qayıtdıqdan sonra klubumda hər kəs çox yaxşı qarşıladı. Burda milli futbolçulara hörmət və diqqət tam ayrıdı".

Coşqun Türkiyədə legionerlərimizin sayını artmasına da münasibət bildirib: "Legioner həyatı yaşayan bütün futbolçularımıza uğurlar və bol şans arzulayıram. Futbolun ən pik həddə sevildiyi ölkələrdən biri olan Türkiyədə oynayacaqları üçün şanslı olduqlarını düşünürəm".

Xatırladaq ki, millimizin üzvlərindən qapıçı Şahruddin Məhəmmədliyevlə hücumçu Renat Dadaşov sentyabrın əvvəlində Super Liqa klublarına - müvafiq olaraq "Adana Dəmirspor"la "Hatayspor"a keçiblər. Millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadə isə Coşqun kimi I Liqa təmsilçisinə - "Tuzlaspor"a bu yay transfer olunub.

 

MEHMAN SÜLEYMANOV