Futbolda emosiyalar olur. Oyunun gərginliyi, adrenalini, qələbə arzusu futbolçunu bəzən adi vaxtda etməyəcəyi hərəkətlərə sövq edə bilər. Amma bir şey dəyişmir: futbolçunun meydandakı davranışı onun xarakterini göstərir.

"Sumqayıt" – "Neftçi" qarşılaşmasında da belə məqamlardan biri yaşandı. "Kimyaçılar"ın kapitanı Səbuhi Abdullazadə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı. 24 yaşlı futbolçu qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən emosiyalara hakim ola bilməyib və qapıya təpiklə zərbə endirib. Zərbənin ardından şüşə qapı sınıb və oyunçu ayağından xəsarət alıb. Beləliklə, Abdullazadə ən azı beş ay yaşıl meydanlardan kənarda qalacaq.

Əslində, burada başqa məqama toxunmaq istəyirəm. Həmin epizod zamanı "Neftçi"nin müdafiəçisi Elvin Bədəlovun hakimin qərarına reaksiyası xüsusilə diqqətimi çəkdi.

Elvinin bu məsələdə nə qədər canfəşanlıq etdiyini görmək mümkün idi. Sanki söhbət sadəcə, rəqib futbolçunun meydandan kənarlaşdırılmasından yox, çoxdan tanıdığı bir komandaya qarşı şəxsi mübarizədən gedirdi.

Amma rəqib "Sumqayıt" idi…

Elvin Bədəlovun futbolçu kimi tanınmasında, formalaşmasında bu klubun xüsusi yeri var. O, uzun müddət "Sumqayıt" formasını geyinib, məhz bu komandada özünü Azərbaycan futboluna təqdim edib desək, yanılmarıq. "Kimyaçılar" onun karyerasında sıradan dayanacaq deyil. Buna görə də keçmişlə bu gün arasında müəyyən sərhəd olsa da, keçmişi tamamilə unutmaq olmaz.

Bu gün Elvin "Neftçi"nin futbolçusudur və təbiii ki, formasını geyindiyi klub üçün sona qədər mübarizə aparmalıdır. Burada problem yoxdur. Əksinə, "Neftçi" formasını geyinən futbolçudan klubuna maksimum bağlılıq gözləmək tamamilə normaldır.

Amma "Neftçi" onsuz da öz böyüklüyünü futbolçunun əlavə canfəşanlığı ilə sübut etməli deyil.

"Neftçi" Azərbaycan futbolunun tarixidir. Bu klub ölkə futbolunun ən böyük adlarından biridir. "Ağ-qaralar"ın uzun illər ərzində qazandığı nailiyyətlər, yetişdirdiyi futbolçular və formalaşdırdığı azarkeş mədəniyyəti onun yerini çoxdan müəyyənləşdirib.

Ona görə də "ağ-qara" maykanı daşımaq onsuz da böyük məsuliyyətdir.

Elvin, sən də bunu bilirsən.

Sadəcə, bir şeyi unutma: futbol həyatı uzun yoldur. Bu gün qarşında rəqib kimi dayanan komanda sabah yenidən sənin həyatının bir hissəsinə çevrilə bilər. Futbolda yollar təkrar-təkrar kəsişir. Bu gün geyindiyin forma sabah dəyişə bilər, amma keçmişdə qazandığın hörmət və münasibətlər yadda qalır.

Bəlkə bir gün yenidən "Sumqayıt" formasını geyindin?

Futbolun gözəlliyi də elə bundadır. Heç kim gələcəyin necə olacağını bilmir.

Ona görə, Elvin, "Neftçi" üçün mübarizə apar, komandanın qələbəsini istə, formasının haqqını ver, amma öz keçmişini də unutma.

Çünki futbol bəzən həqiqətən bumeranqdır.

Bu gün rəqib kimi qarşında dayanan komanda sabah yenidən sənin komandan ola bilər(di).