Azərbaycan klubları 2026/2027 mövsümündə avrokuboklara möhtəşəm start verərək ölkə futbolu tarixində yeni səhifə açıblar.
UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında mübarizəyə başlayan üç təmsilçimiz ilk oyunlarını qələbə ilə başa vurmaqla yanaşı, rəqiblərinə qol imkanı da verməyiblər.
Həftənin ilk sevincini UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uels çempionu TNS üzərində 2:0 hesablı qələbə qazanan "Sabah" yaşatdı. Ardınca UEFA Konfrans Liqasında "Zirə" Gürcüstanın "Torpedo" komandasını 3:0 hesabı ilə məğlub etdi. Dünən isə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin Bakıda keçirilən ilk görüşündə "Qarabağ" İslandiyanın "Vestri" klubunu da 3 cavabsız qolla üstələdi.
Beləliklə, Azərbaycan klubları həftəni 3 oyunda 3 qələbə, 8 vurulan, 0 buraxılan qolla başa vurdu. Bu isə ölkə futbolunun avrokubok tarixində indiyədək qeydə alınmayan nəticədir. Azərbaycan təmsilçiləri ilk dəfə bir avrokubok həftəsində keçirdikləri bütün oyunlarda qələbə qazanıb və eyni zamanda qapılarını toxunulmaz saxlayıblar.
Üç komandamız ümumilikdə 270 dəqiqə ərzində rəqiblərinə qol sevinci yaşatmayıb, orta hesabla hər oyunda 2,67 qol vurub və maksimum nəticə əldə edib.
Əvvəllər də Azərbaycan klublarının üç qələbə qazandığı avrokubok həftələri olub. Sonuncu belə hadisə 2025-ci ilin iyulunda yaşanmışdı. Həmin vaxt "Qarabağ" İrlandiyanın "Şelburn" klubunu 3:0 hesabı ilə məğlub etmiş, "Sabah" Moldova təmsilçisi "Petrokub"u üstələmiş (2:0), "Araz-Naxçıvan" isə Yunanıstanın "Aris" komandası üzərində 2:1 hesablı qələbə qazanmışdı. Yalnız "Zirə" Xorvatiyanın məşhur "Hayduk" klubu ilə 1:1 hesablı heç-heçə etmişdi. Nəticədə Azərbaycan təmsilçiləri həmin həftəni üç qələbə ilə başa vursalar da, bütün oyunlarda qapını toxunulmaz saxlamaq mümkün olmamışdı.
Maraqlıdır ki, buna çox yaxın nəticə 2024-cü ildə də qeydə alına bilərdi. Həmin həftə "Qarabağ" Cəbəllütariqin "Linkoln" klubunu 2:0, "Zirə" Slovakiyanın DAC 1904 komandasını 4:0, "Sabah" isə İsrailin "Makkabi" (Hayfa) klubunu 3:0 hesabı ilə məğlub etmişdi. Lakin "Sumqayıt"ın Macarıstanın "Fehervar" komandasına 1:2 hesablı məğlubiyyəti həm bütün klubların qalib gəlməsi, həm də qol buraxılmaması ilə bağlı mümkün rekordu əngəlləmişdi. Üstəlik, həmin həftə Azərbaycanı avrokuboklarda dörd klub təmsil edirdi.
Hazırda isə tarix tam fərqli yazılıb. Üç oyunun üçündə qələbə, səkkiz qol, sıfır buraxılan top. Bu göstəricilər Azərbaycan futbolunun avrokubok salnaməsində ilk dəfə qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanın dördüncü təmsilçisi "Neftçi" UEFA Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaq.