Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" – "Vestri" oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərə təşəkkür etmək istəyirəm. Stadionu tam doldurmuşdular və sanki Çempionlar Liqasının oyununda idilər. İlk matçdan başa düşdük ki, məsuliyyətli olmalıyıq və fanatların bizdən gözləntiləri yüksəkdir. Futbolçulara da təşəkkür edirəm, ilk oyunda qələbə vacib idi. Düzdür, narazı qaldığım məqamlar oldu. Bu da futbolçuların hazırlığının fərqli səviyyədə olmasıyla bağlıdır. İkinci hissədə yorğunluq hiss olunurdu, amma dəyişikliklərdən sonra komanda daha diri göründü. Yekunda 3:0 hesablı qələbə qazandıq. Rəqib də ciddi müdafiə olunurdu, bizi yaxşı təhlil etmişdilər. Cavab görüşündə də məsuliyyətli olmalıyıq. Bu oyunun gərgin keçməsinin xeyrimizə olacağını düşünürəm. Ümumi götürəndə, pis deyildik. Avrokuboklarda qələbə qazanan digər komandalarımızı da təbrik edirəm. Azərbaycanın UEFA reytinqində xalları artır və bu, ölkə üçün çox vacibdir.

– Montielin kənarda qalmağı nəylə bağlı idi?
– Zədəsi yoxdur. Futbolçuların hamısını heyətə sala bilmədik. Bu matçda kənarda qalanlar növbəti mərhələdə meydana çıxa bilər.

– Hansı mövqeyə transfer gözlənilir?
– Qapıçı mövqeyindən başqa digər mövqelərə oyunçu axtarırıq.

– Sabiq futbolçularınız Yassin Benzia və Julio Romanonun qayıdışı gündəmdədir?
– Səhv etmirəmsə, Romao artıq klub tapıb. Benzia ilə bağlı isə hansısa fikirdə olmamışam.

– Cavab oyununda heyətlə bağlı hansısa eksperiment olacaq?
– İlk matçlarda çox diqqətli olmalıyıq. Futbolçuların yüklənməyinə fikir verməliyik. Rotasiya ilə bağlı qərarı indi verə bilmərik. Qarşıda hələ beş hazırlıq günümüz var. Vəziyyətə baxıb, qərarlar verəcəyik.

– Əli Bəşirov və digər gənc futbolçuların şans qazanmaları realdır?
– Əli bizimlə Bakıda və Avstriyada toplanışda iştirak etdi. Maksimum çalışacağıq ki, ona da şans yaradaq. Çox bacarıqlı və istedadlı futbolçudur. İndidən bu atmosferə uyğunlaşmağını istəyirik. Hər bir gənc üçün maksimum şərait yaradacağıq.

– Elvini bağışlamısınız?
– Qayıtdı (gülür). Çox geniş şərh verməyə ehtiyac yoxdur. Real variant olsaydı, gedə bilərdi. Amma indi burdadır. Qaydalar var və hamımız ona riayət etməli, lazım gələrsə sərt reaksiyalar verməliyik. Onunla da görüşlərimiz oldu.

– Zakaria Savo haqqında fikirləriniz nədir?
– Savo və Kamilo Duran fərqli futbolçulardır. Hərəsinin özünəxas özəllikləri var. Savo da hələ ideal vəziyyətdə deyil, çalışmalıdır. Bəzi elementlərdə daha yaxşıdır, bəzilərində çatışmazlıqları var. Kamilo Duranın da özünəxas keyfiyyətləri var idi. O da olsaydı, pis olmazdı (gülür).

– Mateus Silvanın da gedəcəyi ilə bağlı xəbərlər var. Transferi nə dərəcə realdır?
– Xeyr, inşallah, bizimlə olacaq. Maraqlananlar var idi, amma komandada qalacaq.

– Əli Bəşirova rəsmi təklif olarsa, getməyinə şərait yaradacaqsınız?
– Əli üçün ən yaxşısını etməyə çalışacağıq. Faydalı təklif olarsa, gələcəyi üçün mane olmayacağıq. Bəlkə də, burda qalmağı daha xeyirli oldu. Yaxşısı nədirsə, ona əməl etmək borcumuzdur.

– Haqqında çox danışılır. Sizcə, bu, onun karyerasına mənfi təsir etməz?
– İnanmıram, fərqli uşaqdır. Problem olacağını düşünmürəm. Hər kəs onunla çox yaxşı davranır. Əli üçün yaxşısını etməyə çalışacağıq.