Avropa Liqasının I təsnifat mərhələsinin "Qarabağ" – "Vestri" (İslandiya) oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Daniel-Osafo Badu jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Çox çətin oyun oldu. "Qarabağ" keyfiyyətini göstərdi. Futbolçularımın performansından məmnunam. Yaxşı müdafiə olunurduq, ancaq səhvlərimizdən qollar buraxdıq.
– Daha böyük hesablı məğlubiyyət təhlükəsini hiss edirdiniz?
– Nəticədən məmnun qalmamışam. Sadəcə qazandığımız təcrübədən və oyunçuların yanaşmasından razıyam.
– Cavab oyununda komandanızda nələri dəyişməyi düşünürsünüz?
– Vaxtımız var, daha çox keyfiyyəti artırmalı, topla oyunumuzu yaxşılaşdırmalıyıq.
– Çempionatda son matçlarınızda qələbə qazana bilmirsiniz. Demək olar ki, bütün diqqətinizi "Qarabağ"a yönəltdiyiniz üçün belə xal itkiləri yaşandı?
– Xeyr. "Qarabağ"la oyun bizim üçün əlavə motivasiyadır. Bizim prioritetimiz daxili çempionatdır.
– Komandanızda razı qaldığınız məqamlar hansılardır?
– "Qarabağ" fantastik oynadı. Onlara qarşı mübarizə aparmaq çətin idi. Oyundan əvvəl deyirdilər ki, "Qarabağ" bizə 10 qol vuracaq. Amma yekun 0:3 oldu. Bəlkə də, ilk hissə 0:1-lə başa çatsaydı, yekun fərqli alınardı.