İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Belçikaya qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, ispan mütəxəssis Fransa ilə mümkün yarımfinal qarşılaşması barədə danışmaqdan imtina edərək, komandasının yalnız növbəti matça kökləndiyini bildirib:

"Fikrimizdə yalnız Belçika ilə oyun var. Azarkeşlər gələcək rəqibləri müzakirə edə bilər, amma biz peşəkarıq və bütün diqqətimizi qarşıdakı matça yönəltmişik. Bu mərhələyə qədər gəlmək asan olmayıb", – deyə De la Fuente vurğulayıb.

Təcrübəli baş məşqçi komandasının favorit göstərilməsindən çəkinmədiyini, lakin belə turnirlərdə bu statusun böyük əhəmiyyət daşımadığını qeyd edib.

Qapıçı mövqeyindəki rəqabətə toxunan De la Fuente, sərəncamındakı qolkiperlərə güvəndiyini ifadə edib:

"Unai Simon, David Raya və Joan Qarsiya hazırda dünyanın ən güclü qapıçıları sırasındadır.

Komanda penaltilər seriyası da daxil olmaqla, meydandakı bütün mümkün ssenarilərə tam hazırdır".

​Heyətdəki futbolçuların durumundan bəhs edən mütəxəssis, Pedrinin komanda üçün vacib rol oynadığını bildirib. O, gənc ulduz Lamin Yamalın isə hələ tam potensialını ortaya qoymadığını diqqətə çatdırıb:

"Laminin üzərindəki təzyiqi azaltmaq və onu sakit saxlamaq vacibdir. Onun hələ inkişaf edəcək çox tərəfi var".

Sonda Lionel Messinin karyerasına da toxunan ispaniyalı çalışdırıcı, argentinalı ulduzu futbol dünyası üçün nümunə adlandırıb:

"Messinin qələbə əzmi heç vaxt tükənmir. O, həm komanda yoldaşları, həm də gənc futbolçular üçün əsl örnəkdir".