"Sabah" məğlub olmasına baxmayaraq, "Mançester Yunayted"ə qarşı layiqli mübarizə apardı. Hətta deyərdim ki, komandamız gözlədiyimizdən də artıq oyun nümayiş etdirdi". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Mançester Yunayted"lə (İngiltərə) I tur qarşılaşmasını şərh edib:
"İlk dəfə Çempionlar Liqasında çıxış edirsən və qarşında İngiltərənin nəhəng klublarından biri dayanır. Bütün bunlar futbolçular üçün həyəcanlandırıcı anlardır. Bu amillərə baxmayaraq, təmsilçimiz ilk dəqiqələrdən inamlı oyun nümayiş etdirdi. "Sabah"ın müdafiəyə çəkiləcəyi gözlənilirdi. Əksinə, gördük ki, komanda digər rəqiblərə qarşı necə çıxış edirdisə, "Mançester Yunayted"lə oyunda da mümkün qədər həmin futbolu sərgiləməyə çalışdı. Hesab 4:0 böyük görünə bilər. Lakin matçın gedişatı da göstərdi ki, "Mançester Yunayted"in vurduğu qollar ilk növbədə komandanın gücünün və futbolçularının ustalıq səviyyəsinin göstəricisidi. Adlı-sanlı rəqib qarşısında "Sabah" heç də aciz görünmədi. Əksinə, 1-2 epizodda qol vurmaq üçün real imkanları da oldu. Fikrimcə, "Sabah" bu qarşılaşmadan böyük təcrübə qazandı. Belə səviyyəli rəqiblə, xüsusilə də "Mançester Yunayted" kimi nəhəng komanda ilə oynamaq futbolçular üçün həm psixoloji, həm də peşəkarlıq baxımından böyük təcrübədir".
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" matçı meydan sahiblərinin qələbəsi ilə bitib - 4:0.