"Futbolda eniş də var, yoxuş da. Hələ cəmi 2 tur yekunlaşıb. Tələsik qərar fikir yürütmək tezdir. Qarşıda bizi çoxlu oyunlar gözləyir". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın baş məşqçisi Ramiz Məmmədov deyib.
Təcrübəli mütəxəssis komandasının I Liqanın II turunda "Şahdağ Qusar"a məğlub olduğu oyundan narazı qaldığını bildirib:
"Futbolçularıma inanıram. Əminəm ki, qarşıdakı matçlarda daha yaxşı nəticələr əldə edəcəyik. Açığı, "Şahdağ Qusar"la görüşdə futbolçularım real potensiallarından aşağı çıxış etdilər. Qapımızda iki bəxtsiz qol gördük. Təəssüf ki, yaratdığımız 4 real qol epizodundan heç birini dəyərləndirə bilmədik. Ümumilikdə, uşaqların oyunundan narazı qaldım. Verdiyimiz tapşırıqları tam şəkildə yerinə yetirə bilmədilər. İnanıram ki, qarşıdakı matçlarda buraxdığımız səhvlər üzərində işləyəcəyik və onları aradan qaldıracağıq. Qarşıda uzun marafon var və komandanın öz oyununu yaxşılaşdıracağına inanıram. Hakimlər haqda isə heç nə deməyəcəyəm, hər şey göz qabağındadır. Hamısına uğurlar arzulayıram. Sağ olsunlar ki, onlar var".
Qeyd edək ki, "Şahdağ Qusar" - "Karvan-Yevlax" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.