"Məqsədimiz pley-offa vəsiqə qazanmaq və mümkün qədər irəliləməkdir". Sport24.az xəbər verir ki, bunu "Lənkəran"nın 20 yaşlı basketbolçusu Rəşid Abbasov deyib.

 

O bildirib ki, debütantı seçərkən bir qədər tərəddüd keçirib: "Bura gələndə kluba rəhbərlik edəcək məşqçilər korpusu və xaricdən gələn oyunçular haqqında heç nə bilmirdim. Çünki yeni klub idi, necə olacağı barədə heç bir fikrim yox idi. Amma hazırda hər şey yaxşıdır. Komandamızın əla məşqçilər heyəti və yaxşı oyunçuları var".

 

Abbasov sözlərinə görə, əsas məqsədlərdən biri öz oyun və fiziki göstəricilərinin üzərində işləyib, qısa zamanda milli komandada "12-liy"ə daxil olmaqdır.

 

Rəşid "Lənkəran"ın bölgədə basketbolun inkişafına fayda verəcəyinə də inandığını vurğulayıb: "4+1 limiti liqanın səviyyəsini artıra bilər, lakin təəssüf ki, yerli oyunçuların inkişafını daha da ləngidəcək. "Lənkəran" klubu bu bölgədə basketbolun inkişafı və tanınması üçün böyük xidmətlər görəcək. Gələcəkdə uşaqlar üçün məşqlər də təşkil olunacaq. İnanıram ki, bir-iki ildən sonra lənkəranlıları gənclərdən ibarət Azərbaycan yığma komandalarının tərkibində görə biləcəyik".

 

Qeyd edək ki, "Lənkəran" ABL-nın ilk turunda "Gəncə"ni qonaq edəcək. Matç oktyabrın 19-da keçiriləcək.