Müstəqil Azərbaycan futbolunun ən tanınmış yetirmələrindən, məşhur Cavadovlar nəslinin nümayəndələrindən olan İlqar Qurbanov. Cari mövsümdə klubsuz futbolçulardan olan 35 yaşlı keçmiş müdafiəçi artıq karyerasını bitirərək milli komandalarımızda skaut kimi çalışacaq. Qurbanov Sport24.az-a müsahibəsinə İkinci Qarabağ Müharibəsi dövründə futbolu arxa plana keçirərək, bütün diqqətini cəbhə xəttinə yönəltdiyini, indisə yenidən futbola konsentrasiya olduğunu bildirməklə başlayıb.

 

- Yenə futbol oynaya bilərdim. Sadəcə, hərtəfəli fikirləşdim - hansı daha məntiqli, hansı mənim üçün daha faydalı olar. Həmişə onu demişdim ki, futboldan vaxtında getmək lazımdı. Pauza çox idi, bundan sonra bərpam bir az çətin olardı. Ümumiyyətlə, karyeramı bitirməzdən əvvəl də fikirləşirdim ki, gələcək planlarımı hansı yöndə davam etdirə bilərəm. Qərar verdim ki, karyeramı bitirim və bundan sonra bəzi ideyalarım vardı. Hansı işdə özümü görürdüm, o üzrə işləmək istəyirdim. Burda da əsas söhbət "harda faydalı olaram" idi. Sağ olsun AFFA rəhbərliyi, milli komandalara baş skaut təyin olundum. Bununla da yanvarın 1-dən bu işlə məşğul olmağa başlamışam. 

 

- Təklif konkret kimdən gəldi?

- AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmək istədim, bu, baş tutdu. Futbolumuza hansı işdə köməkliyim ola bilər məsələsini müzakirə etdik. Skaut işi müzakirə obyekti oldu. Onlar da bu təklifi gözdən keçirdilər. Sonda bu vəzifəyə təyin olundum. Deyəsən, bunadək milli komandalar üzrə skaut yox idi. 

 

- Müqavilən neçə müddətdi?

- Hələ ki 1 illikdi. Xeyirlisi, sonrasına baxarıq. Futbolda mənim üçün yeni sferadı və inşallah, uğurlu olar. 

 

- Vəzifən təkcə əsas yığma deyil...

- Bəli, söhbət U-15-dən başlayaraq bütün yığmalardan gedir. Burdakı, xaricdəki yerli futbolçulara baxılması vəzifəsi mənə həvalə olundu. 

 

- Təbii ki, artıq iş planı tərtib etmisən. Hansı əsas istiqamətlər nəzərdə tutmusan? Əsas diqqətin sənin üçün ikinci Vətənin sayılan Türkiyə olacaq?

- İlk növbədə onu deyim ki, ürəyimcə olan işdi. Həmişə istəmişəm ki, futbolçularla fərdi işləyim, onlarla daha çox ünsiyyətdə olum. Futbolçulara ən azından karyeralarında yol göstərməkdə kömək olum, xaricdə yaxşı azərbaycanlı oyunçular tapım. Yəni, hərtərəfli kömək istəyirdim. Əlaqələrim var, bu, təkcə Türkiyədə deyil. Sözün düzü, əvvəl bu işlərlə məşğul olurdum. Ancaq yenə də məndən məsləhət alırdılar filan futbolçuyla bağlı. İndi rəsmən bu işdəyəm və artıq əlaqələrimdən istifadə etməliyəm ki, nəyəsə nail olum.

 

- Məlumdu ki, pandemiyaya görə xaricə getmək olmur və bu üzdən hələ ki səfərlərin olmaz. Belə olan halda, hazırda əsas işin telefon, internet, sosial şəbəkələr vasitəsilə olacaq...

- Hələ ki məcburuq buna. Yalnız Türkiyəyə səfər olar, çünki İstanbula uçuşlar var. Təbii ki, işlər bağlı zərurət olarsa, yolçuluq da olacaq. Skaut işləri belədi ki, burda yığmaların baş məşqçiləri də var, birgə çalışmadı. Onsuz da hamısıyla əlaqədə olacam. Ola bilər desinlər, filan oyunçu var, get, bax. Yaxud mən hansısa oyunçunu təklif edərəm onlara. Hamımız bir komandayıq. 

 

- Millimizin baş məşqçisi Canni de Byaziylə görüşün nəzərdə tutular...

- Bəli, olacaq. Hələ ki Bakıda deyil de Byazi. U-21 yığmamızın baş məşqçisi Milan Obradoviçlə də qayıdandan sonra görüşəcəm. Yerli baş məşqçilərlə isə onlayn görüşüm olub. Hələ ki pandemiyaya görə çempionat yoxdu. Bu gün komandalar hazırlığa başlayıb, gedib yavaş-yavaş oyunlarına, məşqlərinə baxmağa başlayacam. Bu, mənim üçün maraqlıdı ki, gənc futbolçularımız hamısından xəbərdar olmalıyam. Bu sahədə özümü inkişaf etdirmək istəyirəm və inşallah, hədəflərim böyükdü.

 

- Yığmamızın oyunçularının xaricə çıxması da "axsayan" məsələdi...

- Ən böyük hədəflərimdən biri odu. Həmişə istəmişəm ki, azərbaycanlı oyunçular legioner həyatı yaşasınlar. Ancaq hal-hazırda göründüyü kimi, bu, çox çətindi. Bəzi səbəblər var - pandemiya, futbolçularımız hələ hazır deyillər. Ola bilər bəzi yaxşı futbolçularımız təklif olunmayıb xaricə. Bunları yavaş-yavaş həyata keçirməyə çalışacam. Bunun üçün əlaqələrimdən maksimum istifadə edəcəm ki, bizdən də xaricə yollanan futbolçu olsun. 

 

- Türkiyədə tanınmış sima olaraq sənin sözün böyük önəm daşıya bilər...

- Bundan başqa futbolçunun da istəyi olmalıdı. Misal üçün bunadək bəzisini təklif etmişəm ki, Türkiyədə I liqada oynaya bilər, danışın. Ancaq bəziləri deyir ki, burda rahatam. Futbolçu hərtərəfli fikirləşməlidi, onu da qınamaq olmur bəzi şeylərdə. İnşallah, nə qədər yaxşı gənc futbolçumuz varsa, çalışmalıyıq ki, qırağa çıxsınlar. Çətindi, ancaq bunun üzərində işləmək lazımdı. Türkiyə klublarıyla görüşmək istəyirəm ki, gənc futbolçularımıza şans verilsin. Siyahı var, adlar çoxdu kənarda çıxış edən soydaşımızla bağlı. Hamısına bir-bir baxıram. "Qalatasaray"ın aşağı yaş qruplarında da gənc azərbaycanlı futbolçu var. Xaricdə oynayanların hamısıyla əlaqə saxlayacam. Düzdür, say azdı. Bəlkə də eşitmədiyimiz azərbaycanlı futbolçular yenə var kənarda. Çalışaram ki, əlaqələrimizi genişləndirərək onları tapım, üzə çıxarım.

 

- Söhbətimizə futbolçu karyeranla başladıq, onunla da bitirək. Ürəyincə oldumu karyeran?

- Əlbəttə. Fikirləşirəm ki, pik vaxtda buraxdım, özümü aşağı səviyyəyə salmadım. Futbolçu vaxtında getməlidi, zorlamamalıdı özünü. Mən də bunu etdim. Vida matçı keçirməyi də fikirləşirdim. Bu, hər futbolçunun istədiyi bir şeydi. Ancaq bildiyiniz kimi, hal-hazırda bu, mümkün deyil pandemiyaya görə. Gələcəkdə vəziyyət sakitləşəndə ola bilər bunu etmək. İndi yeni işimə konsentrasiya olunmuşam və burda yaxşı yerlərə getmək, nailiyyətlərə imza atmaq istəyirəm.  

 

 

 

MEHMAN SÜLEYMANOV