"Bu gün oyuna çox yaxşı başladıq və həqiqətən də əla futbol nümayiş etdirdik. Lakin bundan sonra oyunun tempini bir qədər aşağı saldıq".
Sport24.az xəbər verir ki, bu sözləri "Borussiya"nın hücumçusu Seru Girassi UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.
"Sabah"la keçirilən oyunda 2 qolla yadda qalan futbolçu qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Düşünürəm ki, qarşılaşmanın sonuna qədər daha sabit oyun göstərməliyik. Mövsümün əvvəlindən özümü çox yaxşı hiss edirəm və meydanda əlimdən gələni etməyə çalışıram. "Sabah"la qarşılaşmada iki qol vurmağım məni sevindirir. Ancaq əvvəllər də qeyd etdiyim kimi, bu cür uğurlara təkbaşına nail olmaq mümkün deyil. Buna görə də komanda yoldaşlarıma təşəkkür edirəm. Onların dəstəyi və meydanda göstərdikləri oyun mənim üçün çox önəmlidir. Qarşıda bizi çətin matçlar gözləyir və yolumuza eyni əzmlə davam etməliyik. Bəzən istədiyimiz nəticəni əldə etmək asan olmur, lakin biz iddialı komandayıq. Hədəflərimizə çatmaq üçün hər oyunda maksimum gücümüzü ortaya qoymalı və qələbə qazanmaq üçün bu cür mübarizə aparmalıyıq".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı Almaniya kollektivinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.