10 il əvvəl bu gün qadınlardan ibarət “Rabitə” voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilən klublararası dünya çempionatının qalibi olub. Sport24.az xəbər verir ki, 2011-ci ildə finalda Türkiyənin “Vakıfbank TT” klubunu 3:0 hesabı ilə məğlub edən serbiyalı Zoran Qayiçin baş məşqçisi olduğu komanda voleybol tariximizin ən böyük uğuruna imza atıb.

Hazırda tarixin yaddaşına qovuşan “Rabitə”nin çempion heyətində oyunçulardan Natalya Məmmədova, Mira Qoluboviç, Pelin Çelik, İrina Jukova, Sanja Staroviç, Keti Radzuveyt, Nataşa Osmorkoviç, Silviya Popoviç, Yasna Maystroviç, Nataşa Krsmanoviç, Mədinə Əliyeva, Dobriana Rabadziyeva yer almışdı. 

Cəlil Cəfərov prezidenti olduğu klubda Nəsimi Musayev baş menecer, Şamil Qəmbərov direktor, Şahlar Məmmədov menecer, Eldar Yusubov köməkçi məşqçi, Mərdan Vəliyev həkim, Darko Stamatoviç terapevt, İlqar İmamquliyev mətbuat katibi idi. 

Onu da bildirək ki, "Rabitə" bundan 1 il sonra da dünya çemionatının finalınadək irəliləyərək gümüş medalçı olmuşdu. Ümumiyyətlə isə 8 qat Azərbaycan çempionu olan Bakı təmsilçisi 2 dəfə - 2011 və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə bürünc medalçısı olmuşdu.