Dekabrın 15-də Abşeron rayon Heydər Əliyev Mərkəzində AMEA Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə şahmat  turniri keçirilib. Sport24.az xəbər verir ki, turnir İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış, Xırdalan şəhərinin ilk şəhidi Səxavət Abbasovun əziz xatirəsinə həsr olunub.

Azərbaycanın tanınmış qrossmeysterlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şahmatın rapit üzrə ikiqat Avropa çempionu, dünya mükafatçısı, Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Ümid Aslanovun valideyni Fuad Aslanov Səxavət Abbasov kimi qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına qazanılmış Qələbə salnaməsinin daim xalqımızın yaddaşında yaşayacağını bildirib. O, Səxavət Məmmədovun uşaq yaşlarından idmana böyük həvəs göstərdiyini, idmanın güləş növü ilə yaxından məşğul olduğunu diqqətə çatdırıb.

F.Aslanov şəhid Səxavət Məmmədovun əziz xatirəsinə həsr olunmuş bu turnirlərin keçirilməsində göstərdikləri dəstəyə görə Abşeron rayon İcra Hakimiyyətinə, AMEA rəhbərliyinə, o cümlədən akademiyanın Yüksək Texnologiyalar Parkının rəhbərliyinə dərin minnətdarlığını bildirib. O, gələcək yarışlara qatılan bütün iştirakçılara uğurlar arzu edib.

Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək  turnirdə tanınmış qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun iştirakından məmnunluğunu ifadə edib. 

Gündən-günə çiçəklənən respublikamızda istedadlı şahmatçıların yetişdirilməsinə böyük diqqət göstərildiyini deyən icra başçısı bugünkü tədbirin bu qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində 30 ilə yaxın davam edən münaqişəyə son qoyulduğunu bildirən İ.Gülməmmədova Azərbaycanın adını yüksəklərə qaldıran şəhidlərimizdən olan Səxavət Abbasovun  şücaəti və igidliklərindən bəhs edib. Bildirib ki, Azərbyacan xalqı hər zaman qəhraman şəhidlərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini əziz tutur.

Çıxışının sonunda İ.Gülməmmədova istedadların aşkara çıxarılmasının zəruriliyindən danışıb, gənc şahmatçıları onlar üçün yaradılmış şəraitdən, maddi-texniki bazadan yararlanmağa çağırıb. 

Şəhid Səxavət Abbasovun atası Rizvan Abbasov çıxış edərək oğlunun xatirəsinə həsr olunmuş turnirin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, iştirakçılara müvəffəqiyyətlər arzulayıb.

Daha sonra çıxış edən Azərbaycanın şahmat qrossmeysteri, ikiqat dünya çempionu, yığma komandanın lideri Şəhriyar Məmmədyarov Vətənə dərindən bağlı olan insanlar sayəsində qazanılmış böyük Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb.

“Azərbaycan şahmatçıları olaraq qazandığımız uğurlarla Qələbəmizin bütün sahələrdə olmasına dəstək verməyə çalışırıq”, - deyən Ş.Məmmədyarov şahmatçılarımızın uğurlu çıxışlarından danışıb, dünyanın seçilmiş mütəxəssislərindən biri olmaq üçün əllərindən gələni etdiklərini vurğulayıb.

Daha sonra dünya şöhrətli gənc şahmatçılarımızın əldə etdikləri nəticələrə görə onların mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə böyüklər arasında yığma komandanın üzvü, ikiqat Avropa çempionu, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Gövhər Beydullayevaya, şahmatın rapit üzrə ikiqat Avropa çempionu, dünya mükafatçısı, Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Ümid Aslanova, ikiqat Avropa mükafatçısı, FİDE ustası, Azərbaycan çempionu Riyad Səmədova, FİDE ustası, Azərbaycan çempionu Şiroğlan Talıbova, eləcə də Avropa çempionu, dünya mükafatçısı Azad Əliyev Cahandara, dünya mükafatçısı, Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Fərid Orucova və beynəlxalq usta, Azərbaycan çempionları, beynəlxalq turnirlərin qalibi Kənan Qarayevə mükafatlar təqdim olunub.