FIDE dekabrın 26-dan 31-ə kimi Nyu-Yorkda rapid və blits üzrə dünya çempionatının formatında əhəmiyyətli dəyişiklik edildiyini açıqlayıb. Sport24.az xəbər verir ki, yeni nokaut strukturu və istirahət günü də əlavə ediləcək ki, bu da media günü olacaq.
Həmçinin şahmat və maliyyə dünyasını birləşdirən nüfuzlu "Chess Davos" konfransının keçirilməsi də nəzərdə tutulur.
Blitsdə dünya çempionatının ənənəvi strukturundan əhəmiyyətli dərəcədə uzaqlaşma onun iki mərhələdə keçiriləcəyi ilə bağlıdır. Birinci mərhələ, 3 dəqiqə vaxt və hər hərəkətə 2 saniyə olmaqla, açıq yarış üçün 13 raund və qadınların yarışı üçün 11 raunddan ibarət İsveçrə sistemi üzrə keçiriləcək.
Ən yaxşı səkkiz şahmatçı pley-off mərhələsinə vəsiqə qazanacaq. Qarşılaşmalar dörd oyundan ibarət olacaq.
Dünya çempionatının ümumi mükafat fondu 1,5 milyon dollar təşkil edəcək.
Rapid və blits üzrə ölkə çempionatının nəticələrinə əsasən, ən azı altı azərbaycanlı şahmatçı Nyu Yorkda çıxış edəcək. Bunlar Eltac Səfərli, Vüqar Rəsulov, Məhəmməd Muradlı, Gülnar Məmmədova, Zeynəb Məmmədyarova və Xanım Balacayevadır.