Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 5-ci turun görüşləri başa çatıb.

Sport24.az xəbər verir ki, lider Vasif Durarbəyli ardıcıl beşinci qələbəsini qazanıb.

O, ağ fiqurlarla Şiroğlan Talıbovu məğlub etməklə uğurlu seriyanı davam etdirib.

İddialı Eltac Səfərli bu tur məğlubiyyət acısı yaşayıb. O, qara fiqurlarla Məhəmməd Muradlıya uduzub. Vüqar Əsədli ağ fiqurlarla İsmayıl Şahəliyevi, Aydın Süleymanlı isə Abdulla Qədimbəylini təslim olmağa məcbur edib. Reytinq favoriti Nicat Abasov ağ fiqurlarla oynayan Elvin Bayramovdan güclü olub. Murad İbrahimli-Ülvi Sadıqov duelində birinci qələbə qazanıb. Xəzər Babazadə isə Vüqar Manafovu xalsız qoyub.

Digər oyunlarda Şahin Vəliyev Fariz Əhmədovla bacarmayıb. Xaqan Əhməd bu dəfə də istədiyi nəticəni əldə edə bilməyib. 12 yaşlı şahmatçı İsmayıl Qurbanova məğlub olub.

Beş turdan sonra maksimum xal toplayan Vasif Durarbəyli liderliyini davam etdirir. Hərəyə 3,5 xal toplayan Aydın Süleymanlı, Vüqar Əsədli, Məhəmməd Muradlı 2-4-cü pillələri bölüşdürür. Növbəti sıralarda Şiroğlan Talıbov, Nicat Abasov, Xəzər Babazadə və Murad İbrahimli qərarlaşıb. Onların aktivində 3 xal var.

9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcəklər. Ölkə çempionu yarımfinal və final görüşlərindən sonra məlum olacaq.