Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatına bu gün yekun vurulub. Sport24.az xəbər verir ki, son gün sərbəst güləşçilər medallar uğrunda mübarizə aparıblar.
Azərbaycan millisinin də 3 güləşçisi təsəlliverici görüşlərdə xalça üzərinə çıxıb. Nurəddin Novruzov 3-cü yer uğrunda Tsoqbadrax Tsevensurenla (Monqolustan) üz-üzə gəlib və 2:8 hesabı ilə uduzub.
79 kq-da Orxan Abasov təsəlliverici görüşdə monqolustanlı Suldxu Olanbayara 4:5 hesabı ilə uduzaraq, mundialla vidalaşıb.
92 kq-da Abubakr Abakarov təsəlliverici görüşdə Devid Teylordan (ABŞ) güclü olmağa çalışıb. Amma güləşçimiz 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanıb.