29 sentyabr - 1 oktyabr aralığında Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri keçiriləcək. Sport24.az xəbər verir ki, ənənəvi reqata ikinci dəfə Füzulidə, Köndələn su anbarında start götürəcək.
Sentyabrın 29-da Füzulidə yarışın rəsmi açılış mərasimi, kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər baş tutacaq. Həmçinin Füzuli sakinləri, xüsusən uşaq və yeniyetmələr üçün maraqlı şoular, əyləncəli viktorinalar təşkil olunacaq. Həvəskar kayak qayıqlarında avar çəkmək imkanı yaradılacaq.
Növbəti iki gün reqata Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək.
"Mingəçevir Reqatası"nda 12 ölkə – Azərbaycan, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
Qeyd edək ki, 2022-ci ildən etibarən Azərbaycan Su İdman Növləri Federasiyası ardıcıl olaraq Suqovuşan, Köndələn su anbarlarında avarçəkmə və kanoe üzrə "Prezident Kuboku" və "Mingəçevir Reqatası" kimi beynəlxalq yarışlar keçirir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu il ilk dəfə Sərsəng su anbarında beynəlxalq yarış keçirilib. Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş "Prezident Kuboku-2026" reqatasının ilk günü Sərsəngdə baş tutub.