"Həyatımın ən gözəl anlarından birini yaşayıram. Öncə də demişdim ki, "Araz Naxçıvan"la oynamaq artıq fəxrdi. Çox çalışmışdıq və bəxt də bizim tərəfimizdə oldu".
Bu sözləri Sport24.az-a açıqlamasında Futzal üzrə PFL komandasının baş məşqçisi Elxan Səmədov deyib.
O, Futzal üzrə Azərbaycan Kubokunun finalında "Araz-Naxçıvan"a qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb:
"Araz-Naxçıvan"da legionerlərin olmaması və zədəlilərin çoxluğu qüvvələrin nisbətini bərabərləşdirdi. Yoxsa qalib gəlmək mümkün olmazdı. Həmişə demişəm ki, Azərbaycanda futzal çox sevilir. Burada da federasiya prezidenti Zaur Axundovun əməyi danılmazdır. Oynayan məşqçi olduğum BEGOC (Avropa Oyunları Əməliyyat Komitəsi) klubu 2015/2016 mövsümündə finala çıxmış və həlledici görüşdə EKOL-a uduzmuşduq. Bu dəfə səhhətimlə əlaqədar meydançada olmasam da, daim komanda ilə birlikdə idim. Futbol mənim tək işim deyil, həyatımdır. Bu gün çox xoşbəxtəm. Diqqət göstərən, təbrik edən hər kəsə həm öz, həm də komandam adından sonsuz təşəkkür edirəm".
Qeyd edək ki, PFL həlledici qarşılaşmada "Araz-Naxçıvan"a 7:1 hesabı ilə qalib gəlib.