"Santos"un hücumçusu Neymar altı oyuna qədər diskvalifikasiya oluna bilər. Sport24.az xəbər verir ki, bu barədə "Ge.globo" portalı məlumat yayıb.

 

Braziliyalı ulduz futbolçu "Baya" ilə 1–1 hesabı ilə başa çatan qarşılaşmada, Rodriqo Nestorla mübahisə edərkən ağzını əli ilə örtməsi səbəbindən meydandan qovulub. Hadisə ikinci hissə başlamazdan dərhal əvvəl baş verib. Rəqib oyunçu buna diqqət çəkib və VAR-dan gələn məlumat əsasında hakim Neymarı meydandan kənarlaşdırmaq qərarına gəlib.

 

Bundan əlavə, Neymar 100 min Braziliya realına qədər cərimələnə bilər.

 

"Vinisius Junior qaydası" adlanan bu qayda, 2026-cı ilin fevralında Çempionlar Liqası çərçivəsində keçirilən "Real" – "Benfika" matçından sonra tətbiq olunmağa başlayıb. Həmin oyunda braziliyalı futbolçu Cianluka Prestianni tərəfindən irqçi təhqirlərə məruz qaldığını bildirmişdi.

 

Yeni qayda sonradan DÇ-2026-da tətbiq edilib. Turnirin qrup mərhələsində Türkiyəyə qarşı keçirilən oyunda Paraqvay yığmasının yarımmüdafiəçisi Migel Almiron ağzını əli ilə örtdüyü üçün meydandan qovulmuşdu.

 

Qeyd edək ki, Neymar 2026-cı ildə bütün turnirlərdə ümumilikdə 27 oyuna çıxıb, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.