Böyük futbolda olduğu kimi, futzalda da hazırda qış fasiləsidi. "Böyük tənəffüs"dən yararlanan Yüksək Liqa təmsilçiləri çatışmazlıqları aradan qaldırmağa, heyəti gücləndirməyə çalışırlar. Son illərin dəyişməz çempionu "Araz-Naxçıvan"ın düşərgəsinə yeni gələnlər var. Yeni transferlər özlərini necə göstərir, komanda da ab-hava necədi? Bu suallara cavab tapmaq üçün Naxçıvan klubunun üzvü Araz Ağalızadə ilə söhbətləşdik. Gənc futzalçı Sport24.az-a müsahibəsində həm hazırlıq prosesini dəyərləndirdi, həm də bizi maraqlandıran başqa sualları cavablandırdı.  

 

- Fasilədə heyətə yeni legionerlər cəlb olunub. Dəyişiklərlə bağlı fikirlərini bilmək istərdik...
- Bəli, düşərgəyə yeni oyunçular qoşulub. Bəzi komanda yoldaşlarımın müqaviləsinin müddəti başa çatdığından bizdən ayrılmalı oldular. Onların yaratdığı boşluğu isə doldurmaq lazım idi.



- Yeni legionerlər komandanın gücünə-güc qata biləcəklər? Onların gəlişi sənin heyətdəki yerinə təsir edə bilər?
-Bunu çempionat başlayanda biləcəyik. Onda görəcəyik ki, komandaya nə qədər faydalı ola biləcəklər. Hazırda kollektiv daha çox fiziki çalışmalar yönündə işləyir. Bir də güclülərin əhatəsində oynamaq təcrübə baxımından gənclərə çox şey verir, istər-istəməz inkişafa təsir göstərir.

 

- Yeni transfer gözlənilir?
- Bildiyimə görə, daha bir braziliyalı da düşərgəyə gəlməlidir.

 

- Sənə yeni təklif olub və ya gözləyirsən?
-Xeyr, təklif yoxdur. Əsas məqsədim yüksək səviyyədə məşq edib, komandama maksimum kömək etməkdi.

 

- Çempionatda əsas rəqibləriniz kimlərdi?
- "Baku Fire" və "Neftçi" ilə oyunlarımız daim gərgin ab-havada keçir. Fikrimcə, çempionluq yolunda əsas rəqiblərimiz də adlarını qeyd etdiklərimdi.

 

- Yüksək Liqada çıxış edən futzalçılar arasında daha çox kimin oyununu bəyənirsən?
- Komandamızda yetərincə səviyyəli, bir-birindən güclü futzalçılar var. "Baku Fire" və "Neftçi"də də yüksək keyfiyyətli futzalçılar çıxış edir. odur ki, konkret kimisə adını çəkə bilmərəm.

- Səncə, mövsümün sonunda növbəti "qızıl"ı boynunuzdan asa biləcəksiz?
- Demək olar ki, yeni komanda formalaşır. Ümid edirəm yeni gələnlər gedənləri yaxşı mənada unutdura biləcək. "Qızıl"a gəlincə, "Araz-Naxçıvan"ın hədəfi həmişə çempionluq olub. Bu üzdən inanıram ki, cari mövsümün sonunda da çempionluğu bayram edib, azarkeşlərimizi sevindirəcəyik.

Röyanə Oğuz