"Nəriman Axundzadənin "Ərzurumspor"da az oynaması ilə ilə bağlı müxtəlif fikirlər səslənə bilər. Ancaq bunun səbəbi var". Bu sözləri Spor24.az açıqlamasında futbolçunun agenti Tural Əsgərov deyib.
Tural bəyin sözlərinə görə, Axundzadənin komandaya yeni qoşulması və mövsümlərrası fasilədə kollektivlə birgə hazırlıq keçməməsi baş məşqçinin heyət seçiminə təsir edir:
"İlk növbədə onu nəzərə almaq lazımdır ki, Nəriman komandaya yeni qoşulub və təlim-məşq dönəmində kollektivlə bir yerdə olmayıb. Baş məşqçinin oyun sisteminə, taktiki tələblərinə uyğunlaşması üçün müəyyən vaxata ehtiyac var.
Futbolçunun meydana çıxıb-çıxmaması ilə bağlı son qərarı baş məşqçi verir. Məşqçiyə zəng edib "Niyə Nərimanı oynatmırsınız?" sualını verə bilmərəm. Eyni zamanda Nərimanın da hər oyundan sonra məşqçidən "Məni niyə oynatmırsınız?" soruşması düzgün yanaşma olmaz. İtənilən kollektivdə son söz baş məşqçiyə məxsusdur. Baş məşqçi futbolçunu məşqdə görür, fiziki hazırlığını bilir, taktiki tapşırıqları necə yerinə yetirdiyini və oyun vaxtı komandaya nə qədər fayda verə biləcəyini nəzərə alır. Nərimanın hazırda əsas məqsədi səbirli olmaq, məşqlərdə özünü göstərmək və verilən imkanlardan maksimum istifadə etməkdir. O, istedadlı və perspektivli futbolçudur. Ancaq yeni komandaya uyğunlaşmaq, yeni məşqçinin tələblərini mənimsəmək və əsas heyətdə yer qazanmaq üçün müəyyən müddət lazım ola bilər. Ümid edirəm ki, Nəriman yaxın gələcəkdə "Ərzurumspor"un heyətində daha çox şans qazanacaq, meydana çıxdığı oyunlarda öz keyfiyyətlərini göstərəcək və komandaya fayda verəcək".
Qeyd edək ki, Nəriman Axundzadə "Ərzurumspor"un heyətində Türkiyə Super Liqasında 3 oyuna çıxıb.