"Misli Premyer Liqasında artıq 5 tur geridə qalıb və komandaların mövsümə necə hazırlaşdığı, hansı məqsəd uğrunda mübarizə apardığı müəyyən qədər özünü göstərməyə başlayıb. Liderlər qrupunda yer alan komandalar hər tur maksimum xal qazanmağa çalışır və ümumilikdə sabit oyun nümayiş etdirirlər". Bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu, AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev deyib.


Veteran futbolçu Misli Premyer Liqasında çempionluq mübarizəsində "Sabah" və "Qarabağ"ın əsas namizəd olduğunu bildirib:

"Qarşıda hələ kifayət qədər uzun marafon var və vəziyyət dəyişə bilər. "Sabah"ın startı xüsusilə diqqət çəkir. Komanda 5 turdan sonra itkisiz irəliləyir və həm nəticə, həm də oyun baxımından sabit təsir bağışlayır. Belə başlanğıc komandaya həm xal, həm də pixoloji cəhətdən üstünlük verir. Qarşıda daha ciddi rəqabət və çətin oyunlar var. "Qarabağ" da ənənəvi olaraq çempionluq mübarizəsinin əsas iştirakçılarından biridir. Fikrimcə, çempionluq "qızıl" uğrunda mübarizə "Sabah" və "Qarabağ" arasında gedəcək.

 

Millinin sabiq üzvü çempionluq yarışında "Neftçi"nın şansının az olduğunu da vurğulamağı unutmYIB:

 

"Ötən mövsümlərlə müqayisədə "ağ-qaralar" çempionata daha yaxşı start verib, daha sabit təsir bağışlayır. Cəmi bir məğlubiyyətin olması da bunu göstərir. "Neftçi"nin heyətində keyfiyyətli futbolçular var və komanda çempionatın gedişində daha da yaxşı nəticələr göstərə bilər. Bununla belə, Bakı klubunun çempionluq uğrunda mübarizənin əsas favoritləri sırasında olduğunu söyləmək hələ çətindir. Ümumilikdə, 5 turdan sonra turnir cədvəlinə əsasən yekun nəticə çıxarmaq tezdir. Qarşıdakı həftələrdə heyətin genişliyi, zədə və cəzalar, avrokubok oyunlarının təsiri, nəticələrə təsir göstərəcək. Çempionluq yarışında sabitlik əsas amillərdən biri olacaq. Kim mövsümün böyük hissəsində eyni səviyyədə çıxış edə bilsə, sonda daha üst pillədə yer alacaq".

 

Qeyd edək ki, geridə qalan 5 turdan sonra hesabında 12 xal olan "Neftçi" və Sabah" turnir cədvəlində 1-ci və 2-ci pillələrrdə qərarlaşıblar. "Ağ-qaralar" əlavə göstəricilərə görə zirvədə yer alıbsa, "bayquşlar" bir oyun az keçirib. "Qarabağ" 10 xalla 3-cü, eyni xala malik "Zirə" isə 4-cüdür.