“Bildiyiniz kimi hazırda heyətdə 7 gənc futzalçı var. Bundan başqa əsas oyunçularımızdan olan Katatau cəza səbəbindən bu qarşılaşmada heyətdə yer alamamışdı. Xətai Bağırov isə zədəli olduğundan tam qüvvəsi ilə oynaya bilmirdi. Bu səbəbdən əsas güc İsa Atayev, Amadeu və Lukas Romaonun üzərinə düşmüşdü. Gənclər isə rəqabətdə “Neftçi”nin təcrübəli futzalçılarına uduzdu. “Neftçi”yə məğlubiyyət dünyanın sonu deyil. Çempionat 4 dövrədən ibarətdi. Qış fasiləsində müəyyən tədbirlər görəcəyik ki, bu il də çempionluğu təmin edək”. Bu sözləri Sport24.az-a açıqlamasında “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov bildirib.

  Son illərin dəyişməz çempionu “Araz-Naxçıvan” futzal üzrə ölkə çempionatının VII turunda gözlənilmədən “Neftçi” İK-ə uduzub. Mövsümdə ilk dəfə məğlubiyyət acısı yaşayan naxçıvanlıların itkisi tək 3 xal olmayıb. Vitali Borosovun çalışdırdığı komanda qırmızı vərəqə səbəbindən Emin Kürdov, Romao kimi aparıcı futzalçılarını da itirib. 

Sadıqov saytımıza açıqlamasında bunun məhz qalib gəlmək istəyindən irəli gəldiyini söyləyib: “Oyun bir qədər gərgin məcrada getdi. Hər iki komanda 3 xal qazanmaq istəyirdi. Bu üzdən sarı və qırmızı kartlarımız oldu. Hamısı qələbə qazanmaq istəyindən irəli gəlirdi”.

Qeyd edək ki, son turda yenilməsinə baxmayaraq “Araz-Naxçıvan” hazırda 19 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi” İK isə liderdən 5 xal geri qalmaqla 3-cü pillədə qərarlaşıb.
RƏŞAD QASIMOV