Noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılış mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Sport24.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov kompleksdə yaradılan imkanlar barədə məlumat verib.
"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində inşa olunan obyektin ümumi sahəsi 1115 kvadratmetr, ərazisi isə 0,27 hektardır.
İkimərtəbəli binanın birinci mərtəbəsində 30×18 metr ölçüdə və 25 tamaşaçı tutumlu universal zal yerləşir. Burada gimnastika, güləş, cüdo, karate, taekvondo, badminton, eləcə də uşaq voleybolu və basketbolu üzrə məşq və yarışların təşkili mümkündür. İkinci mərtəbədə isə trenajor, aerobika və rəqs zalları fəaliyyət göstərəcək. Kompleksdə həmçinin həkim, məşqçi, paltardəyişmə otaqları və kafe nəzərdə tutulub.
Baş plana uyğun olaraq, açıq havada sakinlərin gündəlik idmanla məşğul olması üçün avadanlıqlarla təchiz edilmiş meydança, uşaqlar üçün minifutbol və yer tipli şahmat sahələri də salınıb.