Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərliyi dünya çempionatında iştirak edəcək gənclərdən ibarət milli komandanın üzvləri ilə görüş keçirib. Sport24.az xəbər verir ki, görüşdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və milli komandaların məşqçi heyəti iştirak ediblər.
Federasiya rəhbərliyi qarşıdakı dünya çempionatı ilə bağlı idmançılarla fikir mübadiləsi aparıb. Cüdoçulara tatamidə əzmkarlıq, intizam və məsuliyyət nümayiş etdirməyin, hər görüşə maksimum diqqətlə yanaşmağın vacibliyi vurğulanıb.
Görüş zamanı idmançılara göstərilən etimad ifadə olunub, onların dünya çempionatında Azərbaycanı layiqincə təmsil edəcəklərinə inam bildirilib və uğurlar arzulanıb.
Qeyd edək ki, cüdo üzrə gənclər arasında dünya çempionatı noyabrın 19-22-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Azərbaycan mundialda 10 çəki dərəcəsində 14 cüdoçu - doqquz oğlan və beş qızla təmsil olunacaq.