Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorranın Enkamp şəhərində keçirilən yoldaşlıq görüşündə qazanılan 3:1 hesablı qələbəni şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra fikirlərini bölüşüb:
"Qalib gəlmək və Emini xoş əhval-ruhiyyə ilə yola salmaq istəyirdik. Üç qol vurmağımıza sevinirik. Daha çox fərqlənmək imkanlarımız da var idi. Yaxşı oyuna doğru irəliləyirik, amma daha yaxşı çıxış edə bilərik. Bu il cəmi bir dəfə məğlub olmuşuq. Millətlər Liqasında isə yalnız bir qol buraxmışıq, o da penalti zərbəsindən.
İkinci hissədə Abdulla Xaybulayev zədələnəndə meydanda azlıqda qala bilərdik. Lakin o, oyuna qayıdaraq mübarizəni sona qədər davam etdirmək istədi. Onun bu əzmkarlığı sevindiricidir.
Eşqin Əhmədovun çıxışına da sevinirəm. "Qəbələ" yerli futbolçulara şans yaradır və buna görə kluba təşəkkür edirəm. Eşqin özünü göstərməyi bacardı. Ümid edirəm ki, növbəti toplanışa qədər də yaxşı formada olacaq.
Andorra Lixtenşteyndən daha güclü rəqibdir. Ancaq psixoloji təzyiq məhz Vadutsda keçirilən qarşılaşmada daha çox hiss olunurdu. Bu gün isə futbolçular daha rahat oynayırdılar. Erkən qol vurmağımız da oyunun gedişinə təsir etdi.
Maraqlı qarşılaşma alındı. Rəqibin də qol imkanları var idi. Öz səviyyəmizdə olan komandalarla bərabər mübarizə apara bilirik. Bununla belə, qol imkanlarından istifadə etməkdə problemlərimiz qalır.
Futbolçular milli komandanın formasını geyinməyin məsuliyyətini dərk edirlər. Müəyyən geriləmə yaşadıq, amma indi yenidən yüksəlişə keçmişik.
Ən çətin qarşılaşmalarımız Lixtenşteynlə keçirdiyimiz iki oyun oldu. Azarkeşlər bizdən yalnız qələbə gözlədikləri üçün futbolçular üzərində ciddi psixoloji təzyiq var idi".