Formula 1-də mübarizə aparan “Alpin” komandası ötən il olduğu kimi bu mövsüm də ümidləri doğrultmur. Sport24.az xəbər verir ki, məhz bu komandada perspektiv olmadığına görə Fernando Alonso ilin sonunda “Aston Martin”ə keçmək qərarına gəldi.

Fransa təmsilçisi hələ də özünə gələ bilmir. Komandanın icraçı-direktoru Loran Rossi də mövcud vəziyyətə görə təəssüflənir. O, ümumiyyətlə belə səviyyədə çıxış etməyə haqqı olmadıqlarını söyləyib: “Əlimizdə olan resurslarla çıxışımız uzlaşmır. Hədəfimizdən çox uzaqdayıq. Komandada ciddilik çatışmır. Mövsümün ilk yarışları ürəyimcə olmadı. İfadəmə görə üzr istəyirəm, amma həvəskarcasına mübarizə aparırıq. Komandanın belə nəticəsini qətiyyən yaxşı adlandırmaq olmaz. Hətta deyərdim ki, çox bərbad təsir bağışlayır. Bakıda Bəhreyndəki kimi çox pis çıxış etdik. Bunu qəbul etmək olmaz. Səhv edə bilərik, amma prinsipimiz elədir ki, səhvlərimizdən nəticə çıxartmalıyıq. Eyni səhvi ikinci dəfə təkrar ediriksə, bu o deməkdir ki, məsuliyyətsizlik edirik”.

Xatırladaq ki, 4 mərhələdən sonra “Alpin” komandası 8 xalla Mühəndislər Kubokunda 6-cı pillədə qərarlaşıb. Son 2 Qran-pridə isə Fransa komandası heç xal qazana bilməyib.