Formula 1-in səhmləri “Liberty Media” şirkətinin əlinə keçdikdən sonra ABŞ-da Formula 1 yarışlarına maraq artıb. Sport24.az xəbər verir ki, artıq tıq bu ölkədə Qran-prilərin sayı 3-ə yüksəlib.

Söhbət Ostin, Mayami və Las Veqasdakı yarışlardan gedir. Məsələ ondadır ki, gələcəkdə təqvimə ABŞ-da daha bir Qran-prinin artırılacağı ilə bağlı müzakirələr gedir.

Mühəndislər Kubokunun son qalibi olan “Red Bull” komandasının rəhbəri Kristan Horner bu ideyanı dəstəkləyib. O, Nyu-Yorkda da yarış keçirilməsinin zəruriliyini vurğulayıb: “Bu, əla olardı. Amerika şəhərlərində Formula 1 bolidlərinin mübarizə aparması möhtəşəmdir. Nyu-Yorkdakı Qran-pri reallaşsa, bu daha baxımlı olar. Nəzərə alaq ki, Şimali Amerikada hələ Monreal Qran-prisi də keçirilir. Deməli, burada Formula 1-ə tələbat var. Niyə də yox?! Belə yerlərdə yarış keçirdiyimizə görə bəxtimiz gətirib”.