Formula 1-də yeni mövsümün startına 2 gün qaldı. Sport24.az xəbər verir ki, şənbə günü Bəhreyndə təsnifat mərhələsi ilə dünyanın ən güclü pilotları mübarizəyə qoşulacaq, növbəti gün isə mövsümün ilk qalibi müəyyənləşəcək.

Noyabrın 26-dək davam edəcək çempionat 23 Qran-pridən ibarət olacaq. Təbii ki, sürət həvəskarları yeni mövsüm rəqabət vəd edən yarış izləmək istəyir. Amma son iki mövsümün qalibi olan Maks Ferstappen yenə də rəqibləri ilə öz arasında fərq yaratmaq niyyətindədi.

Elə “Red Bull” da növbəti dəfə Mühəndislər Kubokunu qazanmaq iddiasındadı. Mövsümün startı ərəfəsində bu komandanın pilotları mətbuat önünə çıxaraq iddialarını nümayiş etdiriblər. Ferstappen hazırda komandada işlərin qaydasında getdiyini söyləyib: “Bəhreyndəki testlərin nəticəsindən razı qaldım. Buna əsasən deyə bilərəm ki, mövsümə çox yaxşı formada daxil oluruq. Bizi müxtəlif trasslar gözləyir. Komandamız həmişə olduğu kimi mükəmməlləşmək istəyir. Sona qədər hədəfimiz dəyişməz olaraq qalacaq. Testlərdə ümidləri doğrultduq, görək, yarışdan nə çıxacaq!”

Maksın meksikalı komanda yoldaşı Serxio Peres də ümidli danışıb: “Nəhayət ki, yarış həftəsinə gəlib çıxdıq. Yenidən mübarizəyə qoşulacağıma görə çox şadam. RB19 bolidimiz testlərdə özünü yaxşı tərəfdən göstərdi. İndi onun keyfiyyətlərindən həlledici mərhələdə yararlanmaq lazımdır. Yaxşı formada olduğumuza inanırıq, amma xalı formada olmağa görə yox, həftəsonu nəticə qazanmağa görə verirlər. Artıq ilk Qran-pridə uğur qazanmaq istəyirəm”.